“Valideynin qızına görə tutulması özü bir ailə faciəsidir”

 “Valideynin qızına görə tutulması özü bir ailə faciəsidir”

Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə yetkinlik yaşına çatamayanların nişanlanmasının qarşısını almaq üçün hüquqi məsuliyyətin müəyyənləşdirilməli olduğunu qeyd edib. O bildirib ki, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır: “2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilib, bunlardan 1880-i həmin qadınların birinci, 120-si qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Göründüyü kimi, bu statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər", - Z.Oruc açıqlayıb.

Hüquqşünas Əsabəli Mustafayevin fikrincə, yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı yalnız inzibati məsuliyyət müəyyən oluna bilər. O, Asayis.Az-a açıqlamasında deyib ki, nikaha qədərki digər mərasimlərlə bağlı qanunda heç bir qeyd yoxdur:

“Bu yaxınlarda azyaşlı qızına nişan mərasimi təşkil edən bir neçə valideyn məsuliyyətə cəlb olundu. Əslində, bu, qanuni deyil, məqsəd yaxşı olsa da. Çünki Cinayət Məcəlləsində yazılıb ki, qadını, eləcə də azyaşlını nikaha məcbur etmək məsuliyyətə səbəb olur. Ona görə də qanunvericilikdə dəyişiklik etmək lazımdır ki, erkən nikaha hazırlıqla bağlı tədbirlər də məsuliyyət yaratsın. İnzibati Xətalar Məcəlləsinə əlavə oluna bilər ki, əgər azyaşlıya nişan edilirsə, bu, hər iki tərəfə məsuliyyət yaradır, həm nişan aparana, həm də nişanı qəbul edənə. Cərimə və ya rəsmi qaydada xəbərdarlıq etməklə bu məsələnin qarşısını almağa yönəlik tədbirlər görülə bilər”.

Ekspert düşünür ki,valideynin qızına görə tutulması özü bir ailə faciəsidir:

“Təsəvvür edin ki, tutulan ana, atanın qıza qarşı münasibəti necə olacaq. Çox ağır məsələdir, ehtiyatlı olmaq lazımdır. Qız da bədbəxt olacaq. Bir tərəfdən erkən nikaha daxil olmasının qarşısı alınır, yaxşılıq edilir, digər tərəfdənsə həmişə gözükölgəli olacaq ki, atasının, anasının tutulmasına səbəb oldu. Qabaqlayıcı tədbirlər ancaq inzibati müstəvidə aparıla bilər, çünki hələ erkən nikah baş tutmayıb, azyaşlı istismar edilməyib. Beləliklə, ailədaxili münasibətlər də qorunub saxlanılacaq. Hər iki tərəf cərimələnəndən sonra etdiklərindən dərs çıxaracaqlar”.

16:15 - 13 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin