“Xaqani” bağına paralel küçələrə də avtomobillərin girişi məhdudlaşdırılacaq - AÇIQLAMA

 “Xaqani” bağına paralel küçələrə də avtomobillərin girişi məhdudlaşdırılacaq - AÇIQLAMA

Paytaxtın Səbail rayonu ərazisində yerləşən “Xaqani” (keçmiş “Molokan”) bağının ətrafının avtomobillər üçün qapadılması və tamamilə piyadaların ixtiyarına verilməsi şəhər sakinlərini sevidirsə də, sürücülərdə narazılıq yaradıb. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə piyada yönümlü bu növ qərarlar insanların asudə vaxtlarını daha rahat və təhlükəsiz keçirmələrinə şərait yaradır, psixoloji emosional vəziyyətinə müsbət təsir edir. 

O, Demokrat.az-a açıqlamasında deyib ki, bu qərardan sonra insanların istirahət etməsi üçün daha geniş zona mövcud olacaq:

“”Xaqani” bağı “Nizami” küçəsi və “Fəvvarələr” meydanına yaxın ərazidə yerləşir. Yaxın vaxtlarda paralel küçələrin də həftənin bazar günləri bağlanması və yalnız orada yaşayan insanların avtomobillə hərəkətinə icazə veriləcəyi planlaşdırılır. Bu həmin kvartalın biznes mühitinə də birbaşa təsir edəcək. Çünki küçə boyu nə qədər çox piyada hərəkət edirsə, həmin ərazidə yerləşən biznes subyektlərinin gəliri də artır”.

Ekspert qərarın daimi olacağını qeyd edib: 

“Xaqani bağının ətrafı bundan sonra avtmobillər üçün daim bağlı olacaq, nəzərdə tutulan digər küçələrə giriş isə yalnız həftənin bazar günləri məhdudlaşdırılacaq. "Rəsul Rza" küçəsindən gələn avtomobil "Üzeyir Hacıbəyov" küçəsində dönüb hərəkətini davam etdirəcək. Avtomobillərin dayanması üçün orada yerüstü parkinq də var. “Nərgiz Mall”da, “İçərişəhər”in və “Qış Parkı”nın yaxınlığındakı parkinqlərdən də sürücülər istifadə edə bilərlər”.

R.Ağamirzəyev onu da əlavə edib ki, hər yerin avtomobillər tərəfindən zəbt olunması fərqli hərəkət iştirakçılarının hərəkətini məhdudlaşdırır:

“Müasir şəhərsalma prinsiplərində piyadanın hərəkətinə daha çox üstünlük verilir. Daha sonra mikromobillik vasitələri və ictimai nəqliyyatın maneəsiz hərəkəti üçün şəbəkələşmiş zolaqlar salınır. İnsan özü qərar verməlidir ki, nə qədər məsafəni piyada, nə qədərini velosiped, skuterlə, nə qədərini ictimai nəqliyyatla gəzəcək. Şəhərin digər hissələrinin də "Xaqani" bağının nümunəsində qapadılmasına ehtiyac var. Yasamalda, Həzi Aslanovda, Dərnəgüldə, Biləcəridə də bu növ həllər olarsa, həmin ərazilərdə yaşayan insanlar istirahət etmək və asudə vaxtlarını keçirmək üçün şəhərin mərkəzinə gəlməyə lüzum görməzlər”.
 

15:45 - 7 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin