Ərəb ölkələrinə səfərlər artıb - AÇIQLAMA

 Ərəb ölkələrinə səfərlər artıb - AÇIQLAMA

Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib: “Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar”. 

Deputat bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Bəhreyn və Səudiyyə Ərəbistanından 2,7 dəfə, Omandan 2,4 dəfə, Küveyt və İordaniyadan gələnlərin sayı 1,6 dəfə, artıb: “Statistikaya görə Körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlarla bağlı olsa da ölkəmizin turizm imkanlarına marağın yenidən artması müşahidə  edilməkdədir”.

Son illərdə bəzi ərəb ölkələri Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi. Maraqlıdır, bəs, ərəb ölkələrinə gedən azərbaycanlı turistlərin sayında artım varmı? Bu barədə Demokrat.az-a açıqlama verən turizm eksperti Cabir Dövlətzadə deyib ki, ərəb ölkələrinin Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsi bu ölkələrə səfərlərin sayına təsir edir: 


“Ölkəyə gələn və ölkədən gedən turistlərin sayında 35 faizdən çox artım var. Azərbaycan vətəndaşları biznes məqsədilə daha çox Rusiya, Türkiyə və BƏƏ-yə səfər edirlər. Turistik səfərlər da artıb, bu, müsbət haldır, çünki ölkədə sabitlik hökm sürür. Ərəb ölkələrinin Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsi də gedən turistlərin sayına təsir edir. Bu, həmin ölkələrdə azərbaycanlı turistlərə güvənin olmasından xəbər verir.

Hər il qış mövsümündə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artır. Xüsusən şimal bölgəsi qış turizmi ilə xarici turistləri özünə cəlb edir. Bu mövsüm Qusar və Qəbələ rayonlarında qış daha sərt keçib, qar çox yağıb, bu da turist sayına təsir edir və otelçiliyin inkişafına təkan verir”.

14:30 - 6 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin