Azərbaycanda əhali ötən il xaricdən 2 milyardlıq onlayn alış-veriş edib - Statistika AÇIQLANDI

 Azərbaycanda əhali ötən il xaricdən 2 milyardlıq onlayn alış-veriş edib - Statistika AÇIQLANDI

Texnologiyanın inkişaf etdiyi dünyada elektron ticarət dövriyyəsi sürətlə artır. Əvvəlki illərlə müqayisədə Azərbaycanda da elektron ticarətin həcmi nəzərə çarpacaq dərəcədə artıb. 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə Mərkəzi Bankın məlumatına əsasən ötən il elektron ticarətin dövriyyəsi  təxminən 41 milyard manat olub: “O cümlədən, ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi təxminən 39 milyard, ölkəxarici elektron ticarət əməliyyatlarının həcmi isə təxminən 2 milyard manat olub. Yəni, ötən il biz xaricdən onlayn formada 2 milyardlıq alış-veriş etmişik”. 


Osman Gündüz qeyd edib ki, artım dinamikasının yüksək olması sevindiricidir: 

“Xatırladım ki , cəmi 5 il öncə bu rəqəm ölkə üzrə 2 milyard olub. Yəni indi Mərkəzi Bank bildirir ki, son 5 ildə e-ticarət dövriyyəsi 20  dəfə artıb. Hətta cəmi 2 il öncə 2021-ci ilin sonunda e-ticaret dövriyyəsi , ümumi ticarət dövriyyəsinin təxminən 0,6 %-ni təşkil edib , yəni 7 milyard olub, iki ilə artım 6 dəfə olub”.

Bununla belə AİF Prezidenti burada bəzi anlaşılmaz və izaha ehtiyacı olan məqamların olduğunu da istisna etmir: 

“Xarici e-ticarət anlaşılandır, əsasən, “Trendyol”, “Amazon”, “eBay”, “Aliexpress”, “Alibaba” və s. platformalar üzərindən reallaşan onlayn alış-verişdir. Bəs daxili dövriyyədə əsas xüsusi çəki necədir? Mərkəzi Bankın dedikləri ilə Statistika Komitəsinin  e-ticarətin dövriyyəsinin hesablanması metodikası üst-üstə düşürmü? Bu qurumlar  e-ticarət dövriyyəsinə nələri daxil edib ? Hansı nağdsiz ödənişlər, hansı yerli onlayn  platformalar üzərindən, hansı kateqoriya məhsulların satışı və xidmətlər bu dövriyyəyə daxil edilib?  Bütün nağdsiz ödənişlər bu kateqoriyaya daxil edilibmi?

Düşünürəm ki, e-ticarətin statistik göstəriciləri ilə bağlı metodikanın beynəlxalq normalara uyğunlaşdırılmasına ehtiyac var. Yeri gəlmişkən, qonşu ölkələrdə də bu istiqamətdə sürətli irəliləyiş müşahidə olunur. Məsələn, Qazaxıstanda cəmi 5 il öncə e-ticarət dövriyyəsinin xüsusi çəkisi  3-4% idisə, indi bu rəqəm 12,5 faizdir. Dünyada isə e-ticarət dövriyyəsi üzrə göstərici təxminən 15-20 % ətrafındadır”.

12:30 - 2 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin