Fəhlələr arasında dava - TƏFƏRRÜAT

 Fəhlələr arasında dava - TƏFƏRRÜAT

Gəncə şəhərində 1968-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Asayis.Az-ın məlumatına görə, hadisə Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Büllur” şadlıq sarayının qarşısında baş verib. Abbas əvvəllər tanıdığı Əli ilə birlikdə fəhləlik etdikləri evdən onun payına düşən pulun verilməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan onun ünvanına yüksək səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, sonuncunun baş nahiyəsinə əli ilə zərbə vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Gəncə şəhəri “Büllur” şadlıq sarayının yanında fəhlə kimi duran zaman Əli yaxınlaşıb və deyib ki, bir evdə işləyir, orada montaj işi aparacaq, metrəsi bir manatdan qazıntı aparmaq lazımdır: “Mən də razılaşaraq Əli ilə birgə həmin evə getdim. Orada 15 metr yer qazdım. Daha sonra Əli məni həmin evdə qoyaraq çıxdı, lakın pul vermədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 7 radələrində Gəncə şəhəri “Büllur” şadlıq sarayının yanında küçədə Əlini görüb: “Bu zaman dedim ki, mənim pulumu niyə vermirsən, gəl kənara keçib söhbət edək. Əli isə dedi ki, nə istəyirsən, pulunu vermirəm. Bu vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı Əli əynimdə olan koftamın yaxasından tutan zaman koftam cırıldı. Mən də əsəbləşərək yumruq zərbəsi ilə Əlinin baş nahiyəsindən vurdum. Həmin vaxt orada duran, tanımadığım fəhləliyə gedən bir neçə şəxs bizi araladılar. Bir qədər sonar həmin yerə polis əməkdaşları gəldi”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsif edib. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

10:15 - 1 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin