Toyda musiqi sifarişi üstündə dava düşüb - Xəsarət alan var

 Toyda musiqi sifarişi üstündə dava düşüb - Xəsarət alan var

Astara rayonunda 2000-ci il təvəllüdlü İmamverdi toy məclisində dava salıb, həmyerlisi İlyasa xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin oktyabrın 7-də, saat 20 radələrində Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” restoranında keçirilən toy şənliyi zamanı baş verib. 

İmamverdi həmin məclisində İlyasın onun atasının həmin vaxt ifa olunan musiqini dayandırması ilə bağlı irad bildirib, təkidlə musiqi sifariş verməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ona qarşı nalayiq ifadələr işlədib. Sonra bir neçə dəfə İlyasın baş nahiyəsində yumruqla zərbələr vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən İmamverdinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İmamverdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla ailəsi ilə fərdi yaşayış evində yaşayır: “Ailəliyəm, himayəmdə bir azyaşlı uşağım var, ailədə yeganə qazanc gətirən şəxsəm. Fərdi qaydada qaynaq ustası kimi fəaliyyət göstərərək ailəmin dolanışğını təmin edirəm. 7 oktyabr 2023-cü ildə Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” restoranında xalam oğlunun toy şənliyi oldum. Atam Xəzər ilə birlikdə digər qonaqlardan bir qədər tez, saat 16 radələrində restorana getdik. Saat 17.00-da toy şənliyi başladı. Toya nəzarəti atam edib. Saat 20 radələrində atam Astara rayonu Pəlikəş kənd sakini İlyas və yanındakıların sərxoş olduğunu görüb, ifa edilən mahnını dayandırdı. İlyas da yenidən oynamaq üçün mahnı sifariş verdikdə, atam icazə vermədi. Bu zaman əmim də atamın yanında olub, bununla bağlı İlyasa yaxınlaşıb iradlarını bildiriblər. İlyas nə qədər istəsə o qədər də oynayacağını bildirdi. İlyasın mənə və atama kobud cavab verməsini qəbul etmədim. İlyasın baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vurdum, onu nalayiq ifadələrlə söydüm. Sonra İlyasın sifətinə baxdıqda gördüm ki, onun sifətinin alın və sağ göz nahiyəsi qızarıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt toyda olan şəxslər onlara yaxınlaşıb, mübahisənin daha da genişlənməsinə imkan verməmək üçün onu İlyasdan ayırıblar: “İlyas məndən qorxduğu üçün məni vurmayıb. Əsəbim soyumadığından İlyası söyməyə davam etmişəm. Həmin vaxt atam və əmim məni sakitləşdirməyə çalışıb. Atam və əmimin xətir sakitləşib çölə çıxmışam. Restoranın həyətində olduğum zaman polis əməkdaşları gəlib. Polis əməkdaşları mənimlə sorğu-sual aparıb, mənə ictimai qaydalara riayət etməyi tapşırıblar”. 

İş üzrə zərərçəkmiş İlyasın sözlərinə görə, 7 oktyabr 2023-cü ildə, saat 17.00-da Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” restoranında qohumu Rəmzi İbayevin qızının toy şənliyində olub: “Toyda olarkən əksəriyyət kimi biz də spirtli içki qəbul etdik. Saat 20 radələrində restoranın içərisində rəqs edərkən, musiqinin kəsildiyini gördüm. Musiqiçilərə baxdıqda Astara rayonu Təngərüd kənd sakini Xəzərin musiqiçilərin qarşısında dayandığını gördüm. Toya Xəzər nəzarət edib, odur ki musiqi sifarişləri Xəzərə verilib və musiqini Xəzər dayandırıb. Xəzərə yaxınlaşıb hansı səbəbdən belə etdiyini soruşdum. Xəzər mənə kifayət qədər oynadığımızı, daha bizim üçün musiqi çalınmayacağını dedi. Bundan sonra Xəzərin oğlu İmamverdi mənə yaxınlaşdı və kifayət qədər oynadığımızı dedi, atası Xəzəri müdafiə etdi. İmamverdiyə toyun oynamalı yer olduğunu, qeyri-etik hər hansı hərəkət etmədiyimizi dedim. İmamverdi ünvanıma nalayiq ifadələr işlədib, toy sahibi olduğunu və atasına qulaq asmalı olduğumu dedi. İmamverdi ilə mübahisə etmək istəməsəm də, İmamverdi ünvanıma küçə söyüşləri söyməyə başladı. İmamverdinin məni camaatın içərisində söydüyünü gördüm. Buna görə də İmamverdiyə iradımı bildirdim. Bu zaman İmamverdi anidən baş nahiyəmə yumruqla bir neçə dəfə zərbə vurdu. İmamverdinin baş nahiyəmə bir neçə dəfə yumruqla vurmaqla mənə alın və sağ göz nahiyəmdən xəsarət yetirdi. Həmin vaxt toyda olan şəxslər yaxınlaşaraq İmamverdini məndən ayırdılar”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İmamverdi aylıq qazancının 20  faizi dövlət nəfinə tutulmaqla 11 ay 22 gün müddətə islah işləri cəzasına məhkum edilib. 

Demokrat.az

18:00 - 27 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin