Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov Azərbaycanın yeni ədliyyə naziri təyin edilib.
Asayis.Az-ın məlumatına görə, 45 yaşlı Fərid Əhmədov ixtisasca hüquqşünasdır.
O, Bakı şəhərində anadan olub, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir.
2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.
Yeni nazir növbəti il “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Fərid Əhmədov əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib. 2004-2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində işləyib.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində, 2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.
2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.
İngilis və rus dillərində bilən yeni nazir ailəlidir.