Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşıblar. Digər tərəfdən, onlar həm də sürücülərin hərəkətinə maneə yaradıblar.
Həmçinin, hadisənin ilk baxışdan birmənalı şəkildə qınanılmalı, qanunsuz, eyni zamanda təhlükəli hərəkətlər olduğu görünür.
Görüntülərlə bağlı Sfera.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, sözügedən videolarla əlaqəli DYP-yə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkələr vasitəsilə əldə edilən məlumatlardan xəbərdardırlar:
“Həmçinin, aidiyyatı struktur bölmələri də bu barədə məlumatlıdır. Belə şəxslərin ifşa edilməsi, onlar barəsində qanuni tədbirlərin görülməsi üçün daxili işlər orqanlarının əməkdaşlarına vaxtında məlumat vermək lazımdır. Hadisə isə sosial şəbəkələrdə trendə çevrilmək üçün hər vasitəyə əl atan, küçələrdə bu cür addımlar atmaqla, həm öz həyatı, həm də digər hərəkət iştirakçılarının həyatlarına təhlükə yaradıldığı fikri formalaşdırır”.
A.Əsgərli faktla bağlı araşdırma aparılacağını da qeyd edib:
“Məqsəd və məramın nə olduğu müəyyənləşdiriləcək. Eyni zamanda bildirmək lazımdır ki, bunlar təhlükəli hərəkətlərdir, yolun hərəkət istiqamətində sürücülərə, piyadalara, ümumiyyətlə bütün hərəkət iştirakçılarına hər hansı bir təhlükə yaratmaq kimlərinsə yolların məsuliyyət zonasını olduğunu unutmaq deməkdir. Belə hərəkətlərə münasibətdə qanuni araşdırma, bu cür şəxslərin şəxsiyyətinin və psixi vəziyyətinin nəticələrinə uyğun formada tədbir görülməsini nəzərdə tutur.
Əlavə olaraq onu da qeyd edək ki, hər hansısa layihə çərçivəsində çəkiliş və digər yarıdıcı tədbirlər yollarda nəzərdə tutulubsa, onun məqsədi, məkanı mütləq qaydada təhlükəsizliyin təmin olunması üçün əvvəlcədən Daxili İşlər Nazirliyi və digər aidiyyatı qurumlarla razılaşdırılmalıdır”.
Sözügedən görüntüləri təqdim edirik: