"ASAN xidmət"in avtomobil dayanacağında işçilər arasında dava - TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda “ASAN-3” xidmətinin inzibati binasının qarşısındakı avtomobil dayanacağında nəzarətçilər arasında dava olub.

Asayis.Az-ın məlumatına görə, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əfqan onunla birlikdə işləyən Vasif adlı şəxslə dava edib. Hadisə ötən ilin dekabrın 6-da “ASAN-3” xidmətinin inzibati binasının qarşısında baş verib. Əfqan şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qonşusu və iş yoldaşı olan Vasifə əli ilə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 2 ay olar “ASAN-3” xidmətinin inzibati binasının qarşısındakı avtomobil dayanacağında nəzarətçi işləyir: “Əvvəlcə orda tək işləmişəm. Lakin ərazi böyük olduğuna görə işi çatdırmadığımdan, təxminən hadisədən 10 gün əvvəl oraya qonşum olduğu üçün tanıdığım Vasifi gətirdim. Təxminən 50-60 metr uzunluğunda olan avtomobil dayanacağının bir hissəsinə özüm, digər hissəsinə isə Vasif nəzarət edirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 10.00-da avtomobil dayanacağının Vasifin nəzarətində olan hissəsindən avtomobili yola salaraq xırdası olmadığı üçün pulunu sonra Vasifə verəcəyini düşünüb: “Vasif isə israrla məndən müştəridən aldığım 50 qəpik pulu tələb etməyə başladı. Buna görə aramızda münaqişə yarandı. Vasifi oraya gətirdiyimi xatırladaraq onu “nankor” adlandırdım. Bu zaman Vasif ağır söyüşlə mənə cavab qaytardı. Əsəblərimi cilovlaya bilməyərək əlim ilə bir dəfə onun sifətindən vurdum. Sonra isə digər avtomobili park etdirmək üçün oradan uzaqlaşdım”. 

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Demokrat.az

11:00 - 24 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin