Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.
Asayis.Az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilir ki, Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai rayon Məhkəməsində baxılacaq.
Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.
Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib.
Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.