Bakıda iş saatı dəyişdirilir? - “Bu problem məmurları narahat etmir...”

 Bakıda iş saatı dəyişdirilir? - “Bu problem məmurları narahat etmir...”

Son illər paytaxt yollarında yaranan və həlli tapılmayan tıxac problemi vətəndaşlar üçün kabusa çevrilib.

Bakı küçələrində yaranan tıxac probleminin həlli ilə bağlı hökumət səviyyəsində də təkliflər səslənsə də, bu sahədə heç bir irəliləyiş müşahidə edilməyib. Məsələ ilə bağlı Milli Məclisdə müzakirələr zamanı problemlə bağlı fikilər səslənsə də, yenə paytaxt küçələrində eyni vəziyyət davam edir. 

Millət vəkili Vüqar Bayramov mövcud problemin həlli istiqamətində təkliflə də çıxış edib:

“Bir sıra inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektor üzrə fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli alətlərdən biridir”. 

V.Bayramov bildirib ki, Azərbaycanda da iş saatlarının sektorlar üzrə fərqləndirilməsi məqsədəuyğundur:

“Biz təklif edirik ki, Azərbaycanda da fərqli iş saatları tətbiq olunsun. Bu dövlət və özəl sektorları üzrə fərqli iş saatları rejiminin tətbiq edilməsinə gətirib çıxara bilər. Məsələn, əksər inkişaf etmiş ölkələrdə dövlət sektoru özəl sektordan tez işə başlayır.

Nəzərə alsaq ki, Azərbaycanda dövlət sektoru məşğul əhalinin sayında xüsusi paya malikdir, dövlət sektorunun daha tez işə başlaması istər şəxsi, istərsə də ictimai nəqliyyatdan istifadəni saatlar üzrə bölüşdürülməsinə gətirib çıxara bilər. Eyni zamanda, işə tez başlayan qurumlar işi bir saat tez başa vuracaqlar ki, bu da axşam saatlarında da tıxacın azaldılmasına imkan yaradacaq”. 

Qeyd edək ki, bəzi qonşu ölkələrdə də bu sistemin tətbiqi ilə yollarda yaranan tıxacın qarşısını müəyyən qədər alınır.

Bəs ölkəmizdə iş saatının vaxtını dəyişməklə paytaxtda mövcud tıxac probleminin qarşısını almaq mümkündürmü? 

Millət vəkili Fazil Mustafa “Cebhe.info”-ya bildirib ki, tıxac probleminin həlli üçün iş saatlarının vaxtının dəyişdirilməsi çıxış yolu deyil: 

“Bakıda tıxac məsələsini həll etmək çox sadə və rahat bir məsələdir. Sadəcə olaraq buna niyyət olmalıdır. Hələ ki, bu niyyət görünmür. Yəni hansısa qurumların doğrudan da bu problemi həll etmək niyyəti varsa, kifayət qədər bu problemin həllini bilən mütəxəssislər var. Sadəcə problemi həll etmək niyyəti qabarıq şəkildə görünmür.

Çünki bu istiqamətdə ortada sağlam bir müzakirə yoxdur. Sanki belə bir problem yoxdur, hamı görməzdən gəlir. Ancaq bunun gətirdiyi fəsadlar artıq iqtisadiyyata, insanların psixikasına, əsəblərinə böyük zərbə vurur. Görünən odur ki, bu problem bir sıra məmurları narahat etmir. Ona görə də buna adi bir məsələ kimi baxırlar. Ancaq bu, olduqca ciddi və vacib məsələlərdən biridir”.

Deputat bu istiqamətdə paytaxtın köçürülməsi ilə bağlı məsələnin gündəmə gətirilməsinin  səbəbsiz olmadığını deyib:

“Çünki bunun yollarından biri də paytaxtın köçürülməsidir. Ancaq hər halda paytaxt köçürülməsə belə, yenə də tıxac probleminin həlli yolları var. Bu yolları tapmaq elə də çətin məsələ deyil”.

10:00 - 23 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin