Maddi sıxıntılardan əziyyət çəkən Salyanın rayonunun Qaraçala qəsəbəsində yaşayan və 10 övladı olan Abdullayevlər ailəsinin ünvanlı sosial yardımı bərpa olunub. Eyni zamanda sözügedən ailə dövlət tərəfindən nəzarətə götürülüb.
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Salyan ziyalıları və vətəndaş cəmiyyəti nümayəndələri adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət edib.
Müraciətdən sonra Əflan Abdullayevin ailəsinin problemi həllini tapıb.
Mürraciətə cavab olaraq izah olunub ki, Salyan rayon sakini Abdullayev Əflan Əzizxan oğlunun ünvanlı sosial yardımla bağlı 25 iyul 2022-ci il tarxli müraciətinə əsasən ailəyə 835,58 manat məbləğində aylıq sosial yardım təyin edilib. Lakin ailə üzvlərinin sayının dəyişməsi səbəbindən 2023-cü ilin aprelin 7-də yardım dayandırılıb. Bundan sonra vətəndaşın sonuncu müraciəti 2023-cü ilin avqustun 15-də elektron sistemə daxil olub. Lakin ailənin əmək qabiliyyətli üzvü Abdullayev Əflan işləmədiyinə görə müraciətinə imtina cavabı verilib.
Fond tərəfindən çoxuşaqlı ailə kimi Əflan Abdullayevin həyat yoldaşı Abdullayeva Gülşən Asif qızına beşdən çox uşağı olan qadınlara hər uşağa 105 manat olmaqla ümumilikdə 945 manat məbləğində müavinət təyin edilib. Hazırda bu ödəniş davam etdirilir.
Həmçinin, ATXƏM-in təşəbbüsü və təşkilatçılığı ilə sözügedən ailəyə maddi yardım olunub.
Qeyd edək ki, ailənin əmək qabiliyyətli üzvü Əflan Abdullayev aktiv VÖEN sahibi olsa da, dövrü olaraq ödəniş etməyib. Vətəndaşla əlaqə yaradılıb.
Məlum olub ki, Əflan Abdullayev artıq VÖEN-lə bağlı ödənişlərini həyata keçirib. Yeni doğulan övladına şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra ünvanlı sosial yardımla bağlı müraciət edəcək. Yeni dünyaya gələn 10-cu uşaqla bağlı da ailə rəsmi müraciət edəcək və Gülşən Abdullayevaya əlavə 105 manat məbləğində müavinətin təyin olunaraq ödənişi həyata keçiriləcək.