Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdindəki Şirvan Ürək Mərkəzində açıq ürək əməliyyatlarına başlanılıb. 55 yaşlı pasiyent üzərində icra olunan ilk açıq ürək əməliyyatı uzman ürək-damar cərrahı Beyrək Abbaszadə tərəfindən həyata keçirilib. Professor, ürək-damar cərrahı Kamran Musayevin və Şirvan Ürək Mərkəzinin rəhbəri Yunis Həsənovun dəstəyilə keçirilən, təxminən 3 saata yaxın davam edən əməliyyat uğurla baş çatıb. Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxşdir.
Asayis.Az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumat üçün bildirək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində yaradılan Ürək Mərkəzində 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xidmətlər göstərilir. Səkkiz təcrübəli həkim və otuza yaxın tibbi personal müasir kardio-diaqnostika ilə angioqrafiya sahəsindəki ən yeni avadanlıq və cihazlardan istifadə edir.
Mərkəzdə minimal invaziv və hibrid əməliyyatlar, anadangəlmə, eləcə də qazanılan ürək qüsurlarının müalicəsi, ürək ritminin pozğunluğunun invaziv yolla müalicəsi, müvəqqəti və daimi kardio stimulyatorların, implant edilə bilən defibrilyatorların implantasiyası və digər əməliyyatların həyata keçirilməsi mümkündür. Mərkəzdə Angioqrafiya, Ürək cərrahiyyəsi, əməliyyatdan sonra xəstələrin təqibi üçün İntensiv terapiya və reanimasiya bölmələri fəaliyyət göstərir.
Ötən ilin oktyabrın 19-da açılışı olan Ürək Mərkəzində xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.
Qeyd edək ki, TƏBİB bu cür ağır əməliyyatların region xəstəxanalarında həyata keçirilməsi, ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, bütün bölgələr üzrə tibb müəssisələrinin fəaliyyətinin davamlı olaraq modernləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində intensiv işlər görür.