Dövlət Statistika Komitəsi 2023-cü illə bağlı yekun demoqrafiq göstəriciləri açıqlayıb. Statistikaya görə ötən il Azərbaycanda 112 min 620 uşaq dünyaya gəlib. 2022-ci ildə isə ölkədə 122 min 846 doğum qeydə alınıb. Bir il ərzində Azərbaycanda doğum sayı 10 mindən çox azalıb. 2011-ci ildə doğulan uşaqların sayı 176 min olub.
Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında doğum sayında kəskin azalmanın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, reproduktiv sağlamlığın doğum sayının azalmasına birbaşa təsiri yoxdur:
“Əlbəttə, cavan nəsil qadınları yaşlı nəsillə müqayisə etmək düzgün olmaz, sağlamlıq vəziyyəti əvvəlki dövrlərlə müqayisədə eyni deyil. Bunu ən çox sonsuzluğun sayının artmasında və hamiləliyin çətin patoloji gedişində müşahidə edirik. Amma düşünmürəm ki, bu amillər bir il ərzində rəqəmlərin bu qədər dəyişməsinə səbəb olsun. Çünki bu proses tədricən baş verir”.
T.Həsənovanın fikrincə, doğum sayının azalmasının iki əsas səbəbi var:
Ailələrin maddi vəziyyəti səbəblərdən biridir. Valideynlər düşünürlər ki, doğulan uşağın gələcəkdə təhsil məsələsi və digər ehtiyacları maddiyyat tələb edir, ona görə də ailələr daha çox iki uşaq sahibi olmağa üstünlük verirlər. Son vaxtlar pasientlərim arasında daha çox bir uşaqlı ailə modelinə üstünlük verildiyini görürəm, 2023-cü ildə bu, daha çox hiss olundu.
İkinci səbəbsə boşanmaların sayının artmasıdır. 2022-ci illə müqayisədə 2023-cü ildə bu göstəricidə də artım var. Bu da demoqrafik artıma təsir edən əsas amillərdəndir”.