Bakıda avtomobildən yola zibil atan sərnişin müzakirələrə səbəb olub. ABC.AZ xəbər verir ki, Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində - “Elit” ticarət mərkəzinin yaxınlığında 90-GX-182 qeydiyyat nişanlı “İJ” markalı avtomobildəki sərnişinin zibilləri yolu təmizləyən süpürgəçi qadının qarşısına atmasını əks etdirən video birmənalı qarşılanmayıb.
Bir çox insanlar həmin sərnişinin məsuliyyətə cəlb edilməsini tələb edib və yol verdiyi hərəkətin həm də mənəvi dəyərlərə sığmadığını bildiriblər. Bəzi sosial şəbəkə istifadəçiləri isə həmin şəxsin süpürgəçilərin metal bankaları topladığını bildiyini və bu məqsədlə onları yaşlı qadının yaxınlığına atdığını deyiblər.
Mövzu ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, yayılmış görüntü ilə bağlı araşdırma aparılacaq və sərnişin barəsində qanunamüvafiq tədbir görüləcək: “Qeyd edim ki, “Yol Hərəkəti Haqqında” Qanuna əsasən, bu əmələ görə sürücülərin 40, sərnişinlərin isə 30 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur”.