"Artıq neçə illərdir mən bunu müşahidə edirəm ki, dünyasını dəyişən sənətkarlara qarşı qara piar kompaniyasına keçiblər. Bu nə dərəcədə doğrudur?! Hansı şərəf, ləyaqət qanunlarına sığan bir hərəkətdir? Mən bunu anlaya bilmirəm! Ən dəhşətlisi, ən ağrılısı da budur ki, özünü "mədəniyyət" saytı adlandıran media qurumu daha çox bu yazılarla mətbuatda çıxış edir. Bütün digər saytlar da onlardan götürür həmin yazıları".
Asayis.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında görkəmli sənətkar Səməndər Rzayevin qızı Rübabə Səməndər deyib. O daha sonra bildirib ki, dəfələrlə bu cür başlıqlı, həqiqətə uyğun olmayan yazılarla rastlaşıb.
"Dünyasını dəyişən insanların çirkli camaşırında eşələnmək, olan və olmayan olayları üzə çıxartmaq, onları ictimailləşdirmək nə deməkdir?! Guya ki, bu olaylarla həmin şəxslər dünyasını dəyişən sənətkarları xalqa "xatırladır"-lar, görünməyən tərəfdən "tanıdır"-lar. Amma bu o deyil. Mən də bu işlə məşğulam, 30 ildir mədəniyyət sahəsində çalışıram, illərin jurnalistiyəm, ixtisasca teatrşünasam. Mənim işim dünyadan köçmüş və yaşayan sənətkarlarla ünsiyyətdən ibarətdir. Amma mən hər zaman çalışmışam ki, onların ruhunu incitməyim. Yaşayan sənətkarların xətrinə dəyəcək bir hərəkət etməyim. Sağlam tənqid də etmək olar, hansısa irad da bildirmək olar, amma bu səviyyədə yox daha! Mədəniyyət saytısansa həmin insanın yaradıcılığından danışmalısan. Buna gücləri, savadları çatmır, amma onların çirkli camaşırında eşələnməyə əxlaqları çatır. Üstəlik də ondan-bundan eşitdiklərini, dildən-dilə keçən, heç bir gerçək tərəfi olmayan məsələləri də paylaşırlar. Atamla bağlı o qədər mənasız informasiyalar paylaşırlar ki. Mən onun qızıyamsa bilirəm o necə insan idi. Danışıq ritorikasına heç bir mənada sığmayan, yaxın getməyən ifadələrlə onun haqqında danışırlar, yazırlar. Ümumiyyətlə ona yaraşmayan uydurma lətifələr danışırlar. Mən başa düşə bilmirəm, onlar niyə bunu edirlər?!
Ən ağrılı və şərəfsiz tərəfi də budur ki, dünyada olan sənət adamlarına dil uzatmağa onların gücü, cəsarəti çatmır. Dünyasını dəyişən sənətkarlar haqda ağızlarına gələni yazırlar. Fuad Poladov nə qədər ki, sağ idi, onun şəxsi həyatına heç kim müdaxilə etməyə cürət etmirdi. Dünyasını dəyişən gün başladılar onun şəxsi həyatı haqda yazmağa. Sizə kim bu cürəti, ixtiyarı verib? Bu insan istəmirdi şəxsi həyatı, keçmişi haqda yazılsın, siz niyə yazırsınız?! Yaxud atam haqqında. Siz atamın şəxsiyyətinə toxuna biləcək bir cümlə işlədə bilməzsiniz! Çünki onun şəxsiyyəti bütöv idi, tanıyanlar bilirlər. Heç bir artıq hərəkət etməmişdi. Heç kəslə bağlı pis niyyəti olmamışdı. İnsan artıq 40 ildir ki, həyatda yoxdur, yenə də ondan əl çəkmirlər. Təbii ki, sağ olsunlar onu xatırlayanlar, xatırladanlar, onun haqda normal, səviyyəli veriliş hazırlayanlar, yazı yazanların qarşısında baş əyirəm. Amma bu cür üzdəniraq jurnalistlər xalqın, medianın üz qarasıdırlar. Nəyə lazımdır axı bu cür şeylər etmək?! Mən heç cür anlaya bilmirəm. İnsanların ruhunu incidirlər, amma öz ruhları belə tərpənmir, veclərinə də deyil. Bu qədər olmaz axı! Sizin də atanız, ananız, dünyasını dəyişmiş əzizləriniz var. Niyə onları söyüş obyektinə çevirirsiniz?! Özünə hörmət edən, özünü peşəkar adlandıran jurnalist belə işlərlə məşğul olmaz. İzləyici kütləsi, "like" qazanmaq üçün belə şərəfsiz hərəkətlərə getmək olmaz. Nə deyim vallah! Mən söz tapa bilmirəm", - deyə sənətkarın qızı bildirib.
Böyük sənətkarın qızı bildirib ki, sosial şəbəkələrdə atasının məzarının baxımsız olması ilə bağlı yayılan foto montaj olunaraq paylaşılıb.
"Bunu da o "mədəniyyət" saytı edib. Bir müddət əvvəl mənə həmin yazının linkini yolladılar. Girib baxdım, şoka düşdüm. Bunlar guya öz aləmlərində "iş" görüblər. Yasamal qəbirstanlığından reportaj hazırlayıblar. Orada axı tanınmış insanların məzarları çoxdur. Atamın da məzarı ordadır. Təkcə atamın yox, anamın da, qardaşımın da. Hamısı yanbayandırlar. Bunlar diqqət cəlb etmək üçün atamın məzarının baş daşı fotosunu montaj ediblər. Atamın məzarı hər zaman baxımlı vəziyyətdə olub. Anam, qardaşım dünyasını dəyişəndən sonra mən oranı bir az da dəyişdirdim, abadlaşdırdım. Özü də mən orada olan bir molla ilə danışmışam, onun hörmətini edirəm, həm oranı təmizləyir, həm də yasin oxuyur. Çox təmizləməyə də ehtiyac yoxdur, yer daşdır, gül kimidir. Özüm də təbii ki, ad günlərində, bayramlarda, imkanım olduqca adi günlərdə də gedib ziyarət edirəm. İş yerimə də yaxındır. Bir sözlə mən oranı heç vaxt diqqətsiz qoymuram. Mümkün də deyil elə bir şey. Nə qədər ki, mən sağam, baxıram, qayğısına qalıram. Mən dünyamı dəyişəndən sonra da təbii ki, oğlum bu missiyanın daşıyıcısı olacaq. İndidən də ona demişəm ki, mən orada dəfn olunmasam belə heç vaxt babanı, nənəni, dayını yaddan çıxartma! Hətta uşağa da pis gəlir, mənə deyir ki, sən indidən ölümdən danışırsan. Ölüm haqdır, o bunu bilməlidir.
Həmin o fotonu manşetə çıxartmışdılar. Feysbukda da paylaşıblar, millət də girib hərəsi bir sözü yazıb. Fotonu görən kimi halım xarab oldu, təzyiqim qalxdı. O saytın baş redaktorunu da tanıyıram. Ona zəng edib dedim ki, bu nə məsələdir?! Bu nə hörmətsizlikdir?! Başa düşdüm ki, bu mümkün olmayan bir şeydir, həm də axı fotonun montaj olunduğunu bilirdim. Yenə də zəng edib məzarlığa baxan molladan xahiş etdim ki, bir foto çəkib atsın. Ondan da 1 həftə əvvəl mən məzarlıqda olmuşdum. Rəfiqəmin məzarını ziyarət edəndə ailəmin də məzarına getmişdim. Təzəlikcə də oranı təmizlətdirmişdim. Bilirdim ki, yalandır, amma yenə də molla fotonu çəkib atdı. Nə zibil var idi, nə də ki, torpaq! Bu gerçək olsaydı ən azından utanardım, abrıma qısılardım. Bu qərəzli olunan bir işdir. Həmin şəxsə dedim ki, sən özün şair oğlusan, atanla bir yerdə işləyib, çörək kəsmişik. O cür kişidən bu cür oğul heç bir kitaba sığacaq hərəkət deyil. Min cür bəhanələr gətirib, nağıl danışdı. Təbii ki, bu onların taktikasıdır. Onlar qurşaqdan aşağı vururlar. Çox alçaq, şərəfsiz hərəkət edirlər. Bunları məhkəməyə verməyincə, o sayt bağlanmayınca rahatlanmayacaqlar! Uzun sözün qısası həmin şəkli saytdan çıxartdılar, amma yazı qaldı. Bir az rahatlandım ki, məsələyə aydınlıq gəldi. Niyə durduq yerdə kimsə atamın ruhunu incitməlidir?! Bir müddət keçib, dünən məlum olub ki, tiktokda yenidən həmin fotonu paylaşıblar. Yenidən eyni hissləri yaşadım, təzyiqim qalxdı, əsəblərim korlandı. Bu qədər şərəfsizliyə bilmirəm mən nə ad tapıb qoyum?.
Dünyasını dəyişmiş insanlardan əl çəkin! Qoyun öz qəbirlərində rahat yatsınlar! Onsuz da həyatları boyu hər birimizdə olduğu kimi onlar da hər ağrı-acıdan, sınaqlardan keçiblər. Artıq neçə illərdir dünyalarını dəyişiblər. Onların sizə heç bir ziyanı yoxdur, siz onlara ziyan vurmayın! Mən varam, mənim kimi hansısa sənətkarın övladı, varisi var. Biz heç olmasa səsimizi çıxarıb, etiraz edirik. Elələri var ki, onların axı heç kəsi qalmayıb. Onda belə çıxır ki, həmin şəxslər haqqında istədiyinizi danışa bilərsiz?! Biz millət olaraq bu deyilik axı! Kim ki, bunu edir onları Allaha tapşırıram. Onlara da mənim yaşadığımı arzulayıram. Bəlkə bu zaman insafları qımıldanar və başa düşərlər ki, onlar nə qədər böyük günah ediblər! O məxluqların ki, vicdanı, mənliyi, hər şeyi puldur, onlar çətin dönüb insan olarlar. Onsuz da həyat ağırdır, problemlər, qayğılar içində çabalayırıq, üstəlik də bu cür haqsızlıqlarla qarşılaşanda insanın yaşamağa gücü qalmır", - deyə görkəmli sənətkarın qızı deyib.