DYP çimərliklərə gedən yolları nəzarətə götürdü

 DYP çimərliklərə gedən yolları nəzarətə götürdü

DİN Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı və həftəsonu ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
 

Burada məqsəd nəqliyyatın sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsi, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Xüsusən, çimərlik zonaları istiqamətində nəqliyyat axınının çoxluğunu nəzərə alaraq yol polisi əməkdaşları həmin istiqamətdə hərəkətin tənzimlənməsinə cəlb olunub. 

Çimərlik ərazilərində və onların ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Sıxlıq yaranmaması üçün yol polisi əməkdaşları nizamlayıcı qismində yollarda sürücülərin hərəkətlərini tənzimləyirlər. 

Tədbirlərə BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün, BDYPİ YPX Alayının xüsusi tağımının, 1-ci tağımının, Sumqayıt şəhər, Abşeron, Binəqədi, Sabunçu, Suraxanı və Xəzər rayon DYP şöbələrinin əməkdaşları da cəlb olunub. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin etmək, vətəndaşların rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına nail olmaqdır: “Nəzərə alınmalıdır ki, vətəndaşlarımızın bir çoxunun istirahət etdiyi isti yay günlərində polis əməkdaşlarının gecə-gündüz demədən qızmar günəş altında xidmət etmələrinin tək bir məqsədi var, bu da yol hərəkəti iştirakçılarının küçə və yollarda rahat və təhlükəsiz hərəkətini təmin etməkdir”.

Yol polisi hesab edir ki, vətəndaşlar da polisin hərəkətlərinə adekvat cavab olaraq yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edəcək, nişanların və nizamlayıcıların hərəkətinə uyğun davranacaqlar. 

Qeyd edək ki, DYP-nin keçirdiyi tədbirlərin başlanğıcı olaraq stasionar postlarda saxlanılan avtomobillərin sürücüləri ilə profilaktiki söhbətlər aparılıb, onlara Baş DYP İdarəsi tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olunub. //avtosfer

23:26 - 10 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin