TƏBİB-dən Şirvandakı zavodda baş verən partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB

 TƏBİB-dən Şirvandakı zavodda baş verən partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB

Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinindən (TƏBİB) məlumat verilib.

Bildirilir ki, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.

***16:20

Şirvanda zavodda baş vermiş partlayış zamanı üç nəfər xəsarət alıb.

Asayis.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd olunur ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Şirvan Araz zavodu” MMC-də partlayış baş verməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla hadisə nəticəsində üç nəfərin - 1992-ci il təvəllüdlü Elçin Cahangir oğlu Babayev, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İlham oğlu İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

“Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.

***16:07

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.

Hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.

Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.

***16:02

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib.

Asayis.az "Oxu.az"a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Bu barədə ilk məlumatı mətbuat.az yayıb.

18:00 - 23 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin