Rüşvət aldığı iddia edilən məktəb direktoru ilə bağlı RƏSMİ AÇIQLAMA

 Rüşvət aldığı iddia edilən məktəb direktoru ilə bağlı RƏSMİ AÇIQLAMA

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Asayis.az-a verilən məlumata görə, idarə ötən ilin 13-14 noyabrında həmin məktəbdəki neqativ hallarla bağlı yoxlama aparıb.

Qeyd olunub ki, məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir Şəhər Prokurorluğu, həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları yoxlamalara başlayıb: "Aparılan yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılmış və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq".

Mingəçevir Şəhər prokrurorluğundan verilən məlumata görə isə məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb: "Araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır".

Məlumat üçün bildirək ki, məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.

17:00 - 19 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin