Azərbaycanlı şagirdlər ABŞ-də keçirilən beynəlxalq olimpiadada ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
Asaayis.az Report-a istinadən xəbər verir ki, Texas ştatında keçirilən Beynəlxalq Kopernik olimpiadasında ölkəmizi "Global Olympic Center"in rəhbərliyi altında müxtəlif məktəblərdə təhsil alan 24 istedadlı şagird təmsil edib.
Beynəlxalq Kopernik Olimpiadasında şagirdlərimiz fizika və astronomiya üzrə 3, təbiət elmləri üzrə isə 5 kateqoriyada mübarizə aparıblar. 28 ölkənin iştirak etdiyi final mərhələsində azərbaycanlı şagirdlər müxtəlif kateqoriyalarda 7 bürünc, 12 gümüş və 2 qızıl medal qazanıb. Qızıl medalçılarımızdan Yusif Tahirli dünya ikincisi, Qaraxan Cəlilsoy isə dünya üçüncüsü adına layiq görülüb. Olimpiada qaliblərinin mükafatlandırma mərasimində şagirdlər müxtəlif əyarlı medallar, sertifikatlar və elektronik hədiyyələr əldə ediblər.
Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşı Mahmud Seyidov çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. M.Seyidov fizika və təbiət elmlərinə maraq göstərən şagirdlərimizə uğurlar arzulayıb.
Mərasimin sonunda Qarabağ futbol klubunun oyununda oynanılmış və Qarabağ klubunun oyunçuları tərəfindən imzalanmış top Kopernik Olimpiadasının baş koordinatoru Marina Bronzeriyə təqdim edilib.