Babək şəhər Nehrəm qəsəbəsindəki 2 saylı tam orta məktəbdə idman müəllimi işlədiyini bildirən Müslüm İbrahimov sözügedən Babək Rayon Təhsil Şöbəsinin müdirindən və Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyindən narazılıq edir.
Asayis.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, M. İbrahimov “Gündəlik Naxçıvan”a açıqlamasında, sözügedən şəxslərin onun dərs saatlarını kəsib 1500 manata digər müəllimlərə “satdıqlarını” iddia edib.
O bildirir ki, sözügedən məktəbdə baketbol müəllimi kimi fəaliyyət göstərib və 12 saat dərs müddəti olub, lakin daha sonra bu dərs yükü, eləcə də onun gəlirləri azaldılıb.
M. İbrahimov deyir ki, hazırda onun aylıq qazancı 220 manatdır. O bildirir ki, övladı ürək qüsurludur və bu gəlirlə onun xərclərini, həmçinin ailənin ehtiyaclarını qarşılamaq mümkün deyil.
O bildirib ki, əvvəlki dərs yükü bərpa olunmasa özünü təhsil şöbəsinin qarşısında yandıracaq.
Daha ətraflı:
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, Müslüm İbrahimovun fəaliyyətində nöqsanlar aşkarlanıb:
“Məlumat üçün bildirək ki, İbrahimov Müslüm Ədalət oğlu 2019-cu ildən Babək Rayon Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərir. Müəllim fəaliyyəti dövründə müxtəlif idman dərnəklərinin rəhbəri kimi çalışıb. 2023-2024-cü tədris ilində Müslüm İbrahimov basketbol dərnəyinin rəhbəri kimi 12 saat olmaqla 2 qrupda fəaliyyət göstərib.
2023-2024-cü tədris ilində Babək Rayon Təhsil Şöbəsi tərəfindən aparılan monitorinq zamanı aydın olub ki, ümumilikdə, Müslüm İbrahimov dərnək məşğələsinə şagird cəlbini təşkil etmir, dərnək jurnalında lazımi qeydləri aparmır, dərnəyə şagirdlərin qəbulu zamanı valideynlərin razılıq ərizələrini almır.
Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi qeyd olunan məsələlərlə bağlı akt tərtib edib. Müslüm İbrahimov edilən xəbərdarlıqlara baxmayaraq işində dönüş yaratmayıb, qrupunu qanunauyğun təşkil etməyib və dekabr ayı ərzində 1 saat belə olsun tədris aparmayıb. Araşdırma nəticəsində məlum olub ki, əvvəlki tədris illərində də müəllimin intizamsızlığı olub, noyabr ayından başlanmış yoxlamalar nəticəsində ona ümumilikdə 11 akt tərtib edilib və əməkhaqqısı saxlanıb. Dərnəklərin təşkilində ciddi nöqsanlara yol verdiyinə görə 2023-cü ilin dekabr ayının 5-dən Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi tərəfindən Müslüm İbrahimovun basketbol dərnəyinin saatları azaldılaraq 1 qrupa (6 saat) endirilib və həmin qrup vakant olaraq saxlanılıb.
Müslüm İbrahimov Təhsil Nazirliyində və rayon Təhsil Şöbəsində qəbul edilərək fəaliyyətini qanunauyğun şəkildə təşkil etdiyi halda əlavə qrupların veriləcəyi nəzərinə çatdırılıb”.