Bakı şəhərinin yeni Baş planında 2040-cı ilədək paytaxtda 400 minə yaxın yeni iş yerinin açılacağı bildirilir. Qeyd olunub ki, Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlara maraq təşviq edilməlidir: “Baş Plan Bakı şəhərində 372 min 375 yeni iş yerinin açılmasına imkan verəcək. Uzunmüddətli perspektivdə neft və qaz sektorundan asılılığı azaldacaq innovativ və dayanıqlı iqtisadi sektorlar müəyyən edilib. İqtisadiyyatın şaxələndirilməsi üzrə milli proqramlara uyğun olaraq yeni şəhər iqtisadiyyatı konsepsiyası çərçivəsində mərhələli yanaşmanın tətbiqi təklif edilir. Bakının iqtisadiyyatının əsasını təşkil etməyə davam edəcək formalaşmış sahələr konsolidasiya edilməli və modernləşdirilməlidir”.
Asayis.az xəbər verir ki, bunu İqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında deyib : ilk öncə Azərbaycanda yeni innovativ sahələrdə iş yerlərinin yaradılmasının və əlavə dəyər yaradan iş yerlərinin zəif inkişaf etməsinin səbəbləri müəyyənləşdirilməlidir:
“Bu səbəblər aradan qaldırılandan sonra innovativ və yeni texnologiyalara əsaslanan sahələrin inkişaf etdirilməsindən danışmaq mümkündür. Hökumətin prioritet elan etdiyi sahələr turizm, İT sektoru, kənd təsərrüfatıdır. Kənd təsərrüfatının Bakıya deyil, Bakı ətrafına aidiyyəti ola bilər, burada müxtəlif təsərrüfat sahələri mövcuddur. İndiki şəraitdə quru sərhədlərin bağlı olması, aviabiletlərin bahalığı turizmin inkişafına da problemlər yaradır. İT sektoruna gəldikdə isə bunun inkişafı üçün təməl lazımdır. Universitetlər, laboratoriyalar, elm mərkəzlərinə ehtiyac var. Bu da dünyada elə bir rəqabətli sahədir ki, Azərbaycan bu gün bu işlərə başlasa, digər ölkələrdən hələ geridə olmuş olacaq. Bu sahədə inkişaf illər tələb edir”.
Ekspertin fikrincə, yeni iş yerləri ilə bağlı məsələdə əsas hədəf kimi tikinti sektoru nəzərə alınıb:
“Çünki Bakıda çox sayda söküntü, tikinti işləri aparılacaq. Açılacaq yeni iş yerlərinin böyük əksəriyyətinin tikinti sektroruna aid olmasını ehtimal edirəm. Bu da əslində pis deyil, amma zəif nöqtə odur ki, tikintidə iş yerləri daimi olmur. Bir bina, obyekt tikilib başa çatdırılandan sonra işçilər digər bir inşaat yerinə köçürülür və ya işsiz qalırlar. Yəni, daimi iş yerləri kimi elə də effektiv deyil. Bundan başqa Bakıda tikinti sektorunda daha çox bölgələrdən gələn əhali çalışır. O deməkdir ki, bu sahənin inkişafı Bakıda əhali sıxlığını daha da artıracaq. Bu da Bakının yükünün azaldılması hədəfinə maneə törədəcək”.
Törə Zeynallı
Demokrat.az