Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.
Asayis.az xatırladır ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.
Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xanti-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.
Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar.
Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyində bədxassəli şişə (xərçəng) görə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.
2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrossmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib.
Növbəti illərdə də bu turnir keçirilməyə davam edib.
2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə baş tutub. Dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016, 2017), ABŞ təmsilçisi Fabiano Karuana (2021) və özbəkistanlı Nodirbek Abdusattorov (2022) isə hərəyə bir dəfə turnirin qalibi olublar.
"Vüqar Həşimov Memorial-2023" superturnirində rapid və blits yarışının yekun nəticəsində ümumilikdə 22 xal toplayan Hindistan təmsilçisi Vidit Santoş Qujrati turnirin qalibi adını qazanıb.