Sənət dostları Aygün Bəyləri bu sözlərlə yad etdi

 Sənət dostları Aygün Bəyləri bu sözlərlə yad etdi

Əməkdar artist Aygün Bəylər ötən gün Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. 

Asayis.az-ın məlumatına görə, sənət adamları xanəndə ilə bağlı paylaşımlar edərək, xatirələrini bölüşüblər. 

Xalq artisti Aygün Kazımova ifaçı ilə fotosunu yayımlayaraq "Gözəl səsli, gözəl qəlbli sənətkar, səni hər zaman belə gülərüz xatırlayacağıq. Allah sevənlərinə və doğmalarına səbr versin! Allah rəhmət eləsin" sözlərini yazıb. 

Xalq artisti Azərin "Bu fani dünyadan bir Ayğün əbədi dünyaya köçdü. O göylərin əlçatmaz ulduzu deyil, Allahdan gələn yerin, cəmiyyətin ulduzu idi. Əsl insan idi. Böyük qəlbi var idi. Özü oldu, heç dəyişmədi. Haqsızlıq gördü, haykırmadı, üsyan etmədi, amma ayaqlaşmadı və barışmadı da. Bütün ağrı-acıları, haqsızlıqları, bildiklərini 48 illik həyata sığdırdı,özündə saxladı və apardı. Azərbaycan musiqi tarixində səsi və adı yaşayacaq: Aygün Hümbətova (Bəylər). Aldığımız bütün mükafatlar bu yalançı dünyada qalacaq. Həqiqət Allahın bizə verəcəyi mükafatdır. Rəbbin səni cənnəti ilə mükafatlandırsın, Aygün, əbədi dünyanı gözəl eləsin" deyə, paylaşımında qeyd edib. 

Xalq artisti Flora Kərimova “Aygünüm!!! Aygünüm… Sənsizliyə ağlamaq, xiffətini çəkməkdəmi qədərim imiş?! Darıxacam qızım, səmimiyyətin üçün darıxacam, saflığın üçün darıxacam, kədərli gözlərin üçün darıxacam. Sənin yoxluğuna inana bilmirəm. Rahat uyu. Öz nəğmələrin ruhunun laylası olsun! Səsində yaşayan ruhunu qucaqlayıb öpürəm” sözləri ilə xanəndəni yad edib.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev “Səni yağışlı bir gündə Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim ki, uzun sürməyəcək həyatın.... Heyif səndən, qızım...” deyə, paylaşımında yazıb.

Əməkdar incəsənət xadimi Məlahət Abbasova isə “Azərbaycanımızın möhtəşəm səsli Aygün Bəylərin ölüm xəbəri məni inanılmaz üzdü. Sən əsl sənətkar idin. Davranışın, tərzin, möhtəşəm səsinlə bir əfsanəyə döndün. 48 ilə o qədər şey sığdırdın ki... Unudulmazlar arasına girdin. Gedişin hamımızı üzdü. Allah sənə rəhmət eləsin” deyə, paylaşımda qeyd edib.

15:00 - 8 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin