Göygöl rayonunda 1989-cu il təvəllüdlü Rəsul restoranda Tural adlı şəxsə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin aprelin 3-də, saat 21 radələrində Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranında baş verib. Rəsul həmin gün tanışının xahişi ilə həmin restoran gəlib və sonuncu ilə həmin gün mübahisə etmiş restoranda inzibatçı vəzifəsində çalışan Turalı barışdırmaq istəyib.
Bu zaman Tural onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə baş verib. Mübahisə zamanı o, restoranın otağında qəsdən əl və ayaq zərbələri ilə Turalın baş və bədən nahiyələrinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Rəsulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 3-də, saat 20 radələrində dostu Sadiqlə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranında görüşmək üçün həmin ünvana gedib: “Bu zaman Sadiq zəng edərək restoranın administratoru olan Tural adlı şəxslə mübahisə edərək dalaşdığını bildirdi. Oraya çatdığım zaman Sadiq, Haxo və Posu dediyim Vidadi adlı şəxslə birlikdə kabinetdə olmasını gördüm və onlarla görüşdüm. Eyni yerdə oturdum, söhbət zamanı mübahisənin səbəbini öyrəndiyim üçün Sadiqə ayıb olmasını, eyni rayon adamları olmağımızı bildirdim. Onların barışmalarını istədim. Bu səbəbdən Tural adlı şəxsi çağıraraq Sadiq və Haxo ilə birlikdə ayrı kabinetə keçib oturduq. Tural mübahisənin səbəbini izah etdi və Sadiqin onunla kobud danışmasını, bu səbəbdən də münaqişə baş verməsini dedi. Tural və Sadiqə hər ikisinin səhv etməsini, mehriban danışaraq bütün məsələni həll edə biləcəyimizi, eyni rayon adamları olmağımızı dedikdən sonra Turaldan haralı olmasını soruşdum. Tural “xarabyerdən” olmasını kobud şəkildə bildirdiyi üçün ona məqsədimin onları barışdırmaq olmasını, onunla hər hansı ədavətim olmadığını xatırlatdım. Ondan düzgün danışmasını xahiş etdikdə isə əsəbləşərək hansı səbəbə ora gəldiyimi, kim olduğumu nalayiq ifadə ilə bildirdiyindən acıqlandım. Bununla aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman oturduqları yerdən duraraq bir dəfə yumruqla və təpiklə Turalı vurub: “Sadiq və Haxonun sakitləşdirməsi ilə mübahisə sona çatdı. Tural isə kabinetdən çıxaraq uzaqlaşdı. Bir neçə dəqiqədən sonra isə uşaqlara orada oturmaq istəmədiyimi deyərək həmin restorandan çıxdıq. İşlərimiz olduğu üçün bir neçə gündən sonra Bakı şəhərinə getdim. Sonradan polis əməkdaşlarının məni axtardığını öyrəndiyim üçün könüllü şəkildə Göygöl rayon polis şöbəsinə gələrək özümü istintaqa təqdim etdim”.
İş üzrə zərərçəkmiş Turalın sözlərinə görə, 2023-cü ilin mart ayından “Okean” restoranında administrator işləyir: “Restoran rəhbərliyinin qoymuş olduğu qaydalara əsasən restoranın ikinci mərtəbəsi ailəvi olaraq ayrılıb, birinci mərtəbəsi isə çayxana kimi fəaliyyət göstərir. Bu səbəbdən ikinci mərtəbədə olan müştəriləri ailə ilə olmadıqları zamanlar xahişlə digər hissələrə keçirdirik. Aprelin 3-də, saat 21 radələrində ikinci mərtəbədə ailəvi olan hissədə 4-cü kabinetdə birinin adı Sadiq olmaqla 3 nəfər şəxs oturmaqla kola və pətənə sifariş verdim. Həmin şəxslərə ofisiant yaxınlaşaraq başqa bir yerdə masa ayırdıqlarını, həmin kabinetin ailəvi olmasını dediyi üçün həmin müştərilər narazılıq bildirdiyindən oraya özüm yaxınlaşdım, eyni cür onlardan xahiş etdim. Onlar isə dedikləri sifarişlərin gətirilməsini istədikdə onlardan üzrxahlıq edərək bunun alınmayacağını dedim. Kabinetdən çıxmalarını istədim”.
Tural qeyd edib ki, bir neçə dəqiqə sonra həmin kabinetə yaxınlaşıb və durmalarını xahiş etdikdə isə Sadiq adlı şəxs durmayacaqlarını deyərək onun üzərinə gəlib: “Yumruqla sifət və sinə hissəmdən vurmaqla məni döydü. Lakin kabinetdə olan digər şəxslər bizi ayırdı. Mən yenidən restoranın içərisinə qayıtdım. Həmin şəxslər isə orada qaldılar. Təxminən 10-15 dəqiqədən sonra adının Rəsul olduğunu öyrəndiyim şəxs gələrək mənimlə söhbət etmək istədiklərini bildirdi, otaqlardan birinə çağırdı. Oraya Rəsul ilə birlikdə Sadiq, sonradan isə Haxo adlı şəxs gələrək əyləşdi. Otaqda olduğumuz zaman Rəsul bizi barışdırmaq istədiyini, ayıb olduğunu bildirdi. Məsələni ona danışdığım zaman isə onları tanımadığımı, sözümü dediyimi, bundan artıq danışmaq istəmədiyimi bildirdim. Oradan durmaq istədikdə Rəsul haradan olduğumu soruşdu. Buna görə də ondan lazımsız boş-boş suallar verməməsini istədim. Rəsul mənimlə hər hansı ədavəti olub-olmadığını soruşaraq nə etmək istədiyimi, ona niyə acıqlandığımı bildirdi. Bu vaxt aramızda mübahisə yarandı. Həmin zaman Rəsul təpiklə ayaqlarımdan vurduqda aşağı əyildim. Həmin zaman bərk əşya ilə başımdan vurdu. Sadiq və Haxonun araya girərək bizi ayırması ilə münaqişə yekunlaşdı. Kabinetdən çıxaraq öz işlərimin arxasınca getdim. Onlar isə bir müddət orada oturduqdan sonra restorandan çıxaraq uzaqlaşdılar”.
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən cinayət təqibinə xitam verilib. Rəsul cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az