Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham olunan bloqerin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu maddə ilə ittiham olunan şəxslərin əməli sübuta yetirilərsə, onları beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.
Xatırladaq ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Məsələ ilə bağlı oxu.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bloqerin işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmə səbəblərini açıqlayıb.
T.Abdullazdənin sözlərinə görə, cəza müddəti 12 ildən yuxarı olmayan əməllər ağır cinayətlər hesab olunur:
“Cinayət Məcəlləsinin 15.4 maddəsinə əsasən cinayətin bu məcəllə ilə qəsdən və ehiyatsızlıqdan törədilməsinə görə, azadlıqdan məhrumetmə cəzasının müddəti 12 ildən yuxarı deyilsə, ağır cinayətlər hesab olunur”.
Hüquqşünas Nicat Şakirlinin cəzasının yüngülləşdirilə biləcəyini əlavə edib:
“Elə hallar ola bilər ki, cəzanı yüngülləşdirə bilər. Zərərçəkmiş şəxs və ya hüquqi varisi ilə barışıq əldə olunması, dəymiş ziyanının könüllü ödənilməsi, aradan qaldırılması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, azaldılması cəzanı yüngülləşdirən haldır.
Zərərçəkmiş şəxs həyatda olmadığı üçün Nicat Şakirli ailəsi ilə barışıq əldə etsə, dəymiş ziyanı ödəsə və bu istiqamətdə müsbət addım atılsa, cəzasını yüngülləşdirə bilər. Şəxsin özünün xəsarət alması, qolunu itirməsi, qəzanın ehtiyatsızlıqdan baş verməsi kimi məsələlərə də hakimlər tərəfindən hüquqi qiymət veriləcək. Cəza təyin olunan zaman nəzərə alınacaq. Əgər Nicat Şakirli istəyirsə, cəzası yüngülləşsin, o vəfat etmiş şəxsin qohumu ilə barışıq əldə etməli və ziyanı ödəməlidir.
Bu kimi halları nəzərə alıb, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) rəhbər tutmaqla bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edə bilər. Nicata 5 ildən aşağı cəza verilsə, o ümumi rejimli cəzaçəkmə müəssisəsində yox, öz cəzasını məntəqə tiplidə cəzaçəkmədə cəzasını çəkə bilər”.