Nəsimi sakinlərinə cəhənnəm əzabı yaşadan kimdir? - VİDEO

 Nəsimi sakinlərinə cəhənnəm əzabı yaşadan kimdir? - VİDEO

Qalmaqallı “Pilot-16” şirkətinin Nəsimi rayonunun Cəlil Məmmədquluzadə və Novruzov qardaşları küçəsində tikdiyi bina dəhşət saçır.

Bu haqda sosial şəbəkədə Nəsimi rayon sakini, tanınmış jurnalist Fərid Şahbazlı məlumat verib.

Onun sözlərinə görə, “Pilot-16” şirkəti ərazidə tikinti işlərinə başladığı gündən etibarən sakinlərə cəhənnəm əzabı yaşadır: “Şirkət bütün şikayət və etirazlara baxmayaraq gecənin gec, səhərin erkən saatlarında, insanların yataraq istirahət etdiyi vaxtlarda ərazidə betonlama və tikinti işləri həyata keçirir. Bununla da vətəndaşlara və qanunlara açıq hörmətsizlik nümayiş etdirir.

Bundan başqa şirkət ərazidə normal tikinti meydançası yaratmadığı üçün burada yaşayan sakinlərin həyatı hər an təhlükə altındadır. Tikinti təhlükəsizlik qaydalarına əməl edilmədən tikilən binadan hər gün çox sayda daş, çınqıl, qum, digər  tikinti materialları onlarla avtomobilin və insanın hərəkət etdiyi yola tökülür.

Son dəfə isə kəskin hava şəraitində bu binadan bir neçə ağır tikinti materialı sakinlərin birinin maşının üzərinə düşərək ciddi zərər vurub. Xoşbəxtlikdən insan tələfatı olmayıb. Ancaq təqdim olunan videodan aydın görünür ki, ərazidə yaşayan sakinlərin hər biri hər an binadan düşən ağır tikinti materiallarının qurbanına çevrilə bilər”.



Ərazi sakinləri qeyd edirlər ki, tikintiyə rəhbərlik edən Aslan Quliyev adlı şəxs “Pilot-16” şirkətinin qanunsuz əməllərindən şikayətçi olan vətəndaşlarla görüşərək, onları müxtəlif vasitələrlə susdurmağa, təhdid etməyə çalışır. O, sakinlərə tikilən binanın arxasında yüksək vəzifəli məmurların dayandığını bildirərək edilən şikayətlərin heç bir nəticə verməyəcəyini qeyd edir.

Yaranmış təhlükəli vəziyyətlə bağlı Nəsimi sakinləri müvafiq qurumlardan və ölkə rəhbərindən kömək gözləyir.

15:00 - 22 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin