Ehtiyatda olan zabit keçmiş hərbçi yoldaşına qarşı dələduzluq etdi - TƏFƏRRÜAT

 Ehtiyatda olan zabit keçmiş hərbçi yoldaşına qarşı dələduzluq etdi - TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Tural keçmiş iş yoldaşı Vüsala qarşı dələduzluq edib. 

Asayis.Az-ın məlumatına görə, Tural Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən Vüsalın iş yerinin Bakı şəhəri ərazisində yerləşən Hərbi Hissələrdən birinə dəyişdirəcəyini vəd edib. 

Tural etibarından sui-istifadə etmə və aldatma yolu ilə Vüsalın 12 avqust 2022-ci ildə 4000 manatını, həmin ilin avqustun 26-da 4000 manatını ələ keçirib. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vüsalı 10 ildən çoxdur tanıyır:

“Vüsal hərbiçi yoldaşım olub və onlar birlikdə xidmət etmişik, çox yaxın münasibətlərimiz olub. Məlumat üçün bildirib ki, 2022-ci ildə hərbi xidmətdən ehtiyyata buraxılmışam, yəni təqaüdə çıxmışam. 2022-ci ilin avqust ayında Vüsalla görüşdüm. Söhbət edərkən Vüsal iş yerini dəyişmək istədiyini və bu işdə ona köməklik etməyimi xahiş etdi. Bu işdə ona köməklik edəcəyimi və bu işin 8000 manata başa gələcəyini bildirdim. Vüsal da mənimlə razılaşdı və dediyi məbləği mənə verdi. Vüsalın iki dəfəyə bank hesabıma göndərdiyi  pulları çıxartmışam. Fikirləşdim ki, bu işlə bağlı müəyyən şəxslərlə maraqlanıb və Vüsalın işini həll edərəm. Lakin Vüsalın işini həll edə bilmədim. Pula ehtiyacım olduğu üçün həmin 8000 manat pulu ehtiyaclarıma xərclədim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi nəzərə alıb. 

Bu səbəbdən Tural ittiham olunduğu Cinayət Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.

Demokrat.az

16:15 - 21 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin