ABŞ-da, Texas ştatında tərk edilmiş yük maşınında 46 nəfərin cəsədi tapılıb.
Rəsmilər bildirib ki, dördü uşaq olmaqla, daha 16 nəfər xəstəxanaya aparılıb. Onların bədənləri “çox isti” olub və isti vurmasından əziyyət çəkiblər, məlumatda deyilir.
Xilasetmə qurumları hadisə yerinə gələndə yük maşınının sürücüsü yerində olmayıb.
Hadisə ABŞ-Meksika sərhədindən 250 km uzaqlıqda yerləşən Texas-ın San Antonio şəhərinin kənarında baş verib. Bura insan qaçaqmalçılarının istifadə etdiyi tanınmış istiqamətlərdən biridir. Adətən ABŞ-a keçməyi bacarmış sənədsiz miqrantlar bu ərazidə qaçaqmalçılarla görüşürlər.
Qızmar yayı ilə tanınan San Antonio-da bazar ertəsi istilik +39.4 dərəcə olub. Buna görə də qurbanların isti vurmasından və susuzluqdan öldüyü güman edilir.