Bakıda meyvə alverçisi narkoman çıxdı, dostu isə... - QANLI CİNAYƏT

 Bakıda meyvə alverçisi narkoman çıxdı, dostu isə... - QANLI CİNAYƏT

Bakının Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Emin tanışı Rəcəbi bıçaqlayıb. 

Asayis.Az-ın məlumatına görə, Emin tanışı Rəcəbin yaşadığı mənzildə müvəqqəti qalarkən mütəmadi olaraq narkotik vasitələrdən istifadə edib. 

Bu səbəbdən Rəcəb onu tənqid edib və evi tərk etməsini tələb edib. Bunu bəhanə gətirən Emin 19 may 2023-cü ildə “28 may” metrostansiyasının yaxınlığında Rəcəblə görüş təyin edib. 

Emin həmin gün saat 20.15-də Rəcəb ilə birlikdə piyada hərəkət edən zaman özündə olan bıçaqla ona bir dəfə zərbə vurub. 

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, uzun müddət zərərçəkmiş Rəcəb və onun anası ilə birlikdə yaşayıb: “Hadisə baş verməzdən əvvəl onlar başqa yerə köçdülər. Mən də Rəcəbə zəng etdim və harada yaşamaları ilə bağlı məlumat almaq istədim. Rəcəb mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi. Mən isə dəfələrlə məsələyə aydınlıq gətirmək üçün Rəcəbi görüşə dəvət etsəm də, gəlmədi. Hadisə baş verən gün Rəcəblə görüşdüm və ondan üzr istəməsini tələb etdim. Lakin Rəcəb məni təhqir etməyə başladı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Rəcəblə əlbəyaxa olub: “Bilmədən Rəcəbə 1 bıçaq zərbəsi yetirdim. Lakin həmin anda zərbə vurduğumu dərk etmədim. Daha sonra oradan uzaqlaşaraq Nərimanov rayonu ərazisindəki parka getdim. Bir müddət sonra evə gəldikdə yaxınlarım polis əməkdaşlarının məni axtardığını dediklərindən könüllü olaraq 21-ci Polis Şöbəsinə getdim və təslim oldum. Uzun müddət Rəcəb və anası ilə bir evdə yaşamışam. Tutulmazdan əvvəl küçələri gəzərək giləmeyvə satmışam. Narkotik vasitələrdən istifadə etməmişəm. Zərərçəkmiş şəxsə xəsarət yetirərkən istifadə etdiyim meyvə bıçağını yaşadığım evdən götürmüşəm”.

İş üzrə zərərçəkmiş Rəcəbin sözlərinə görə, Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” adlı ərazidə işlədiyi müddətdə Eminlə tanış olub: “Tanış olduğumuz müddət ərzində Emin cənub zonasından olduğuna görə aramızda dostluq münasibətlərimiz yarandı. Həmin vaxtlarda anam ilə birlikdə “Keşlə bazarı”nın yaxınlığında kirayə yaşamışam. Emin ilə dostluq münasibətlərimiz yarandığından bizimlə birlikdə yaşamağa başladı. Hətta həmin ünvandan Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən ünvana kirayə yaşamaq üçün köçdükdə də Emin ilə birlikdə köçmüşük. 2022-ci ilin təxminən fevral ayında həmin ünvanda kirayə yaşadığımız müddətdə Emin narkotik vasitədən istifadə etdiyini gördüm. Buna görə də Eminə dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, həmin pis vərdişindən əl çəkmədi. Bundan sonra anam ilə belə qərara gəldik ki, Emin ilə birlikdə yaşamayaq. Bu barədə Eminə dedim. Emin əvvəlcə buna etiraz etsə də, sonradan etiraz etməyərək həmin vaxtdan sonra bizimlə birlikdə yaşamadı. Həmin vaxtdan sonra maddi çətinliklərə görə anam ilə birlikdə Astara rayonu, Şiyəkəran kəndinə getdik, təxminən 4-5 ay kənddə yaşadıq. Bu müddətdə Emin mütəmadi olaraq zəng edərək bağışlanmağını, yenidən birlikdə yaşamaq istədiyini bildirdi”.

Zərərçəkmiş deyib ki, mayın 17-də Eminə yaşadıqları ünvanı deyib: “Emin yaşadığımız “Kubinka” adlanan əraziyə gəldi. Emin ilə söhbət zamanı bildirdi ki, artıq narkotik vasitələrdən istifadə etmir, yenidən məbinlə və anamla birlikdə yaşamaq istəyir. Mən də Eminin bizimlə birlikdə yaşamağına icazə verdim. Emin həmin gün yaşadığımız ünvanda bizimlə birlikdə qaldı. Sabahısı gün Emin yenidən narkotik vasitə istifadə etdiyini gördüm və evi tərk etməsini dedim. Emin də getdi”. 

Rəcəbin ifadəsinə görə, mayın 19-da Emin ona zəng edib: Mən də Eminə işdən çıxdıqdan sonra “28 may” metrostansiyasının arxa küçəsində görüşə biləcəyimizi bildirdim. Emin də həmin yerin söhbət etmək üçün münasib olmadığını bildirdi və “Kubinka” adlanan yerdə görüşməyi təklif etdi. Mən də razılaşdım. Bundan sonra həmin gün saat 19.30-da Eminin qeyd etdiyi yerdə görüşdük. “Kubinka” adlı ərazidə yerləşən “Bolmart Market”in arxa hissəsində söhbət etdik. Bu zaman Emin arxa cibindən bıçağı çıxararaq sol döş nahiyəmə 1 dəfə vurdu. Mən də xəsarət aldım. Bundan sonra Emin əlindəki bıçağı təkrar vurmasın deyə almağa çalışdım. Daha sonra isə Emin həmin yeri tərk etdi. Mən isə çətinliklə də olsa, yaşadığım ünvana getdim. Anamın köməkliyi ilə xəstəxanaya çatdırıldım”. 

Rəcəb bildirib ki, Emini tanıyan zaman onun narkotik vasitələrdən istifadə etdiyini bilməyib: “İlk dəfə maddi sıxıntılar ucbatından Emindən ayrı yaşamağa qərar verdik. Lakin növbəti dəfə Eminin pis vərdişlərinə görə onunla birlikdə yaşamaq istəmədik. Eminin narkotik vasitələrdən istifadə etməsinə görə aramızda mübahisə yarandıqda, qonşulara da mübahisənin səbəbini demişəm. Emin zəng edərək onu “narkoman” kimi tanıtdırdığımı bildirdi. Eminlə görüşüb yaşadığım evə tərəf gəldikdə heç nə demədən mənə bıçaq zərbəsi vurdu. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur. Xəstəxana xərcləriylə bağlı Eminin ailəsi mənə 5000 manat verib”. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Demokrat.az

14:15 - 20 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin