Bakıda marşrutların sayı azaldılacaq. “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, məqsəd əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir: “Bakıda 22 avtobus zolağı var. Lakin hamısının təkmilləşməsinə ehtiyac var. Bu gün paytaxtda 180-ə yaxın marşrut xətti var ki, onların yarısı yenilənməlidir. Əhalinin rahatlığı üçün marşrut xətlərinin təkmilləşməsi və marşrutların yarıya qədər azaldılması planlaşdırılır”. Nazir müavini onu da qeyd edib ki, avtobuslarla bağlı məsələdə maliyyələşmə mexanizminin qurulması planlaşdırılır: “Biz operatorların da xidmətini başa düşürük. Müasir avtobuslar və onların qiymətləri barədə də müzakirələr gedir. Burada da ən qabaqcıl praktikalardan istifadə edilir. Yəqin ki növbəti ildən müasir növ avtobusların gətirilməsi həyata keçirilə bilər”.
Nəzərdə tutulan yeniliklərə nəqliyyat eksperti Rövşən Həsənov açıqlamasında münasibət bildirib:
“Marşrutların sayının azaldılması sərnişinlər üçün problem yaradacaq. Onsuz da avtobuslar vaxtında gəlmir, dayanacaqlarda sərnişin sayı çoxdur, xüsusən də günün pik saatlarında bunu daha çox müşahidə edirik. Marşrut xətlərinin təkmilləşdirilməsi müsbət haldır, amma marşrutların sayının azaldılması mənfi nəticə verə bilər. Bu, sərnişinlərin ictimai nəqliyyatdan istifadəsində çətinliklər yaradacaq”.
Demokrat.az