İcbari tibbi sığorta fondunun maliyyə vəsaitləri artdıqca bütün vətəndaşların dövlət hesabına keyfiyyətli tibbi xidmət almaq imkanları genişlənəcək. Ambulator müalicənin mərhələli şəkildə icbari tibbi sığorta hesabına maliyyələşməsi təqdirəlayiqdir. Bu, vətəndaşların tibbi xərclərini xeyli azaldacaq”.
Bunu Asayis.Az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. Onun sözlərinə görə prosesin icbari tibbi sığorta hesabına reseptlərlə həyata keçirilməsi tibb müəssisəsi və apteklər arasındakı qeyri-sağlam münasibətlərə də son qoyacaq:
“Çünki İTS üzrə Dövlət Agentliyi prosesə nəzarət edəcək, yalnız xəstələrə lazım olan dərmanlar reseptə yazılacaq. Eyni zamanda vətəndaşlar dərmanları axtarmağa vaxt sərf etməyəcəklər. Gələcəkdə icbari tibbi sığorta hesabına digər bahalı müalicə tələb edən tibbi xidmətlər də Xidmətlər Zərfinə əlavə oluna bilər. Hazırda reanimasiya tədbirləri demək olar ki, tam qarşılanmır, bu olduqca bahalı tibbi yardım növüdür. Tədricən ümid edirik ki, onkoloji və digər xidmətlər də qarşılanacaq”.
Deputat yeniliklərin tətbiq mexanizmi barədə də məlumat verib:
“Vətəndaşa resept yazılacaq və bunun bir nüsxəsi də elektron qaydada aptek şəbəkəsinə göndəriləcək. Ümumi bir şəbəkə qurulacaq. Vətəndaş resepti göstərən kimi dərmanı əldə edə biləcək”.
Qeyd edək ki, xəstələrin ev şəraitində dərmanla təminatı sığorta hesabına qarşılanacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur.