Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb. Lent.az həmin görüntüləri əldə edib. Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir. İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İskəndər Mehdiyevlə görüşə gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var: “İskəndərin “boş gəlmə” sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib İskəndərin yaşadığı evin qarşısına gəldim”.
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonra meyxanaçı könüllü olaraq polisə təslim olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.