Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında 2023-cü ilin noyabr ayının sonuna 53,82 milyon kubmetr su ehtiyatı toplanıb.
Bu barədə muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, su istifadəçilərinə noyabr ayı ərzində 16,18 milyon kubmetr su verilib, 13 min 26 hektar torpaq sahəsi suvarılıb.
Məlumata görə, 2023-cü ilin ötən ayı ərzində 23,46 kilometr beton və torpaq kanallar, 10,16 kilometr ara arxlar, 3,8 kilometr kollektor lildən təmizlənib, 1,61 kilometr içməli su, 0,12 kilometr kanalizasiya xətləri çəkilib, 1,4 kilometr mövcud içməli su xətlərində, 0,01 kilometr kanalizasiya xətlərində, 0,65 kilometr suvarma boru xətlərində, 1,62 kilometr təzyiqli boru xətlərində, 0,57 kilometr kaptajlarda təmir-bərpa işləri aparılıb.