Kürdəmir sakini borc üstündə həmkəndlisini döydü

 Kürdəmir sakini borc üstündə həmkəndlisini döydü

Kürdəmir rayonunda 1987-ci il təvəllüdlü Fariz həmkəndlisi Əliyə xəsarət yetirib.

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin sentyabrın 11-də, saat 18 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində baş verib. 

Fariz həmkəndlisi Əli ilə ona olan pul borcunu qaytarmaması səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. 

Mübahisə zamanı yumruqla bir neçə dəfə Əlinin sifət nahiyəsinə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Farizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Kürdəmir rayonunun Sor-Sor kəndində yaşayır, zərərçəkmiş Əlini həmkəndlisi kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb: 

“Təxminən hadisədən 6 ay əvvəl pula ehtiyacı olduğu üçün Əlidən 360 manat borca pul alaraq qısa müddətdə qaytaracağıma söz verdim. Hadisədən bir həftə əvvəl Əli zəng edərək borcunu tələb etdi. Əliyə sosial müavinətlər veriləndə borcunu qaytaracağıma söz verdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 17 radələrində yaşadığı kəndin ərazisində yerləşən həmkəndlisi Ağaya məxsus mağazanın qarşısında bibisi oğlu Məhərrəmlə dayanan vaxt Əli ona telefonla zəng vurub və borcunu istəyib: 

“Telefonda aramızda sözlə mübahisə yarandığı üçün telefonu söndürdüm. Elə həmin gün saat 18 radələrində həmkəndlim Ağaya məxsus mağazanın qarşısında olan zaman Əli yanıma gələrək borcu qaytarmağımı tələb etdi. Hazırda pulum olmadığını dedikdə Əli mənimlə sözlə mübahisə etdi, ünvanıma nalayiq ifadələr işlətdiyindən əsəbləşdim. Bir neçə dəfə yumruqla Əlinin sifət nahiyyəsinə vurdum. Həmin vaxt bibim oğlu və həmkəndlim Ağa oraya gələrək bizi araladılar”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Fariz 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evini gecə saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilib.
Demokrat.az

14:30 - 14 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin