Lənkəranda qanlı olay - 44 yaşlı kişi tanışını bıçaqladı

 Lənkəranda qanlı olay - 44 yaşlı kişi tanışını bıçaqladı

Lənkəran şəhərində 1979-cu il təvəllüdlü Samir münaqişə zəminində tanışı Heybətə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 1-də Lənkəran şəhəri, Hənifə Abdullayeva küçəsində yerləşən çörək sexinin yaxınlığında baş verib. 

Samir tanışı Heybətin onu spirtli içki aludəçisi adlandırmasından əsəbiləşib və özündə olan bıçaqla ona xəsarət yetirib. 

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, Heybəti əvvəllər tanıyıb, münasibətləri həmişə normal olub:

“Lakin son vaxtlar Heybət mənimlə yersiz zarafatlar etməyə başladı. Bu barədə ona irad bildirəndə, Heybət kobud cavablar verdi. Mayın 1-də, saat 09 radələrində Heybətlə Lənkəran şəhərində görüşdük. Ondan iş olub-olmadığını soruşarkən mənə kobud formada içki düşkünü - əyyaş olduğumu, məndən iş görən olmadığını dedi. 

Ünvanıma nalayiq söyüşlər söydü, sonra yerdən daş parçası götürərək üzərimə hücum etdi. Heybətin məni vuracağını görüb gödəkcəsinin qoltuq cibində olan qatlanan cib bıçağını çıxararaq onun qarnının sol hissəsinə bir dəfə bıçaq zərbəsi vurdum. Heybət qışqıraraq yerə yıxıldı. Heybətin səsinə yaxınlıqda olan və çörək sexində işləyən sexin müdiri Qurban və Bəhruz küçəyə çıxaraq hadisəni gördü. Faiq adlı şəxs Heybəti idarə etdiyi avtomobilə əyləşdirərək xəstəxanaya apardı. Hadisədən sonra bıçağı rayonunun Sütəmurdov kəndində olan Lənkəran çay körpüsündən çaya atdım. Növbəti gün atam polisə zəng etdi. Sonra polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar”.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Samir 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 
 

Demokrat.az

13:15 - 14 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin