Bakının Binəqədi rayonunda 1990-ci il təvəllüdlü Rəşad Qabil adlı şəxsə qarşı dələduzluq edib.
Asayis.Az-ın məlumatına görə, Rəşad özgənin əmlakını ələ keçirmək məqsədilə Qabilin etibarından sui-istifadə edib, onun oğlu Səmədov Vəkilxan Qabil oğlunun həbsdən azad edilməsi üçün köməklik göstərəcəyinə dair yalandan vəd verib.
Rəşad aldatma yolu ilə hissə-hissə olmaqla Qabildən ümumilikdə 23000 manatını alaraq ələ keçirib.
Hadisəni törədən Rəşadın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ibtidai istintaq orqanı tərəfindən onun barəsində verilmiş ittihamla razı deyil: “Mənimlə hazırki iş üzrə zərərçəkmiş şəxs arasında olan münasibət əslində mülki xarakterli münasibət olub. Mənə qarşı ittihamda irəli sürüldüyü kimi Qabilin oğlunun həbsdən azad etdirməyim ilə bağlı pul almamışam. Qabildən pul almağımda məqsəd onunla birgə torpaq sahəsində ev tikintisi, həmin evlərin satılması, yəni birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməyimiz, qazanc əldə etmək olub. Ev tikib-satmaq, gəlir ələdə etmək barədə Qabillə razılaşmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt onun işlərinin yaxşı getməməsi səbəbindən həmin pulu xərcləyib: “Qabilə narahat olmamasını, onun pulunu qaytaracağımı bildirmişəm. Lakin, sonradan 30 noyabr 2022-ci il tarixdə başqa bir cinayətin törədilməsi ilə tutulduğumdan, Qabilin məni tapa bilmədiyindən barəmdə pulunu dələduzluq yolu ilə ələ keçirməyimə dair Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng etdi. Mən cəzaçəkmə müəssisəsində olan zaman müstəntiq Qabilin vermiş olduğu şikayətlə bağlı ora gəldi, izahatımı aldı. Mən vermiş olduğum izahatımda hadisənin necə baş verdiyini bildirdim. Daha sonra həbsdən çıxan gün müstəntiqin yanına getdim. Hazırkı cinayət işi ilə bağlı ittiham aktını məhkəmənin hazırlıq iclasında əldə etmişəm. İttiham aktını oxuyan zaman orada Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən törətdiyim cinayət əməlində cinayətin residivinin göstərilməsi mənə məlum oldu. İttiham aktında niyə vəziyyətimin ağırlaşdırıldığı, əməlimdə cinayətin residivinin olmamasına baxmayaraq, residivin göstərilməsi barədə müstəntiqdən soruşdum. Müstəntiq bununla bağlı məhkəmənin qərar verəcəyini bildirdi”.
İş üzrə zərərçəkmiş Qabilin sözlərinə görə, təqsirləndirilən şəxslə aralarında borc münasibəti olub. O bildirib ki, ona məxsus torpaq sahəsini maddi ehtiyacı olduğundan satıb: “Sonradan Orxan adlı şəxsin vasitəsi ilə Rəşadı tanıdım. Rəşad mənə ev tikintisi və satışı ilə məşğul olduğunu bildirdi. Rəşadla birlikdə ev tikintisi ilə məşğul olmaq üçün Rəşada pul verdim. Rəşad mənə torpaq sahəsinin harada olmasını göstərmədi. Həmin torpaq sahəsinin harada olmasından məlumatsız olmuşam. Mənim oğlum Vəkilxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hazırda həbsdədir”.
Zərərçəkmiş qeyd edib ki, Rəşada həmin pulu borc olaraq verib: “Sonradan Rəşada vermiş olduğum pulun hamısını qaytarıb. Hazırda Rəşada qarşı heç bir şikayət və tələbim yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən mənə dəymiş ziyanın ödənilməsini , bununla bağlı notarial qaydada ərizə verdiyimi bildirmişəm. Lakin müstəntiq tərəfindən həmin notarial qaydada təsdiq edilmiş ərizə qəbul edilmədi və cinayət işinin materiallarına əlavə edilmədi”.
Zərərçəkmiş deyib ki, ona məxsus torpaq sahəsi olub, həmin torpaq sahəsini satıb və 23000 manat pulu olub: “Həmin pulu Rəşada vermişəm. Sonradan Rəşad yoxa çıxdı. Orxanla birgə onu axtardıq. Amma tapa bilmədik. Bunun üçün Rəşad barəsində polisə müraciət etdim”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.
Zərərçəkmiş Qabilin istintaqa verdiyi ifadəsində göstərilib ki, oğlu Vəkilxan Səmədov 2022-ci ilin iyun ayının sonlarında narkotik vasitələrin qanunsuz istifadəsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub: “Oğlum tutulduqdan sonra onun azad olunmasına görə dost-tanışla maraqlandım ki, oğlumu həbsdən necə azad etdirə bilərəm. Söhbət əsnasında bunu əvvəllərdə tanıdığım Orxana dedim. Orxan bir nəfər tanışının olduğunu, mənə bu barədə deyib xəbər edəcəyini bildirdi”.
Zərərçəkmişin ifadəsinə görə, təxminən 2022-ci ilin iyul ayının sonlarında Orxan həmin adamla danışdığını, işi həll edə biləcəyini bildirib: “Orxana həmin şəxsi götürüb evə gəlməsini dedim. Beləliklə, 2022-ci ilin iyul ayının sonlarında, saat təxminən 15 radələrində Orxan, arvadı Zülfiyyə və tanımadığım bir nəfər bizə gəldi. Həmin vaxt Orxan məni həmin şəxslə tanış etdi, adının Rəşad olduğunu bildirdi. Zülfiyyə evdə yoldaşım İlahə ilə qaldı. Mən, Orxan və Rəşad yaşadığım evin həyətində üçümüz oturaraq söhbət etdik. Söhbət əsnasında Rəşad bildirdi ki, Nərimanov Rayon Polis İdarəsində işi aparan polis əməkdaşı ilə danışdığını, işi həll edəcəyini və 3 aydan sonra oğlumun həbsdən azad olunacağını bildirdiş. İşin həll olunacağı müqabilindən Rəşad ilkin olaraq 15000 manat, oğlum həbsdən çıxdıqdan sonra isə 500 manatda alacağını dedi. Mən Rəşadla razılaşdım və elə Orxanın yanında yaşadığım evdə 15000 manat pulu Rəşada verdim. Həmin gündən iki gün sonra Rəşad zəng edərək oğlumun işi ilə bağlı yenidən 2000 manat pul lazım olduğunu dedi. Mən 2000 manat pul götürərək “Şamaxinka” adlanan yerdə “Neptun” marketin qarşısında yenədə Orxanın yanında Rəşada verdim”.
Qabil deyib ki, təxminən iki ay sonra, 2022-ci ilin sentyabr ayında Rəşada bu işə görə yaşadığı evin qarşısında sonuncunun idarə etdiyi “Opel” markalı avtomaşında 3000 manat verib: “Sonradan müxtəlif tarixlərdə xatırlamadığım vaxtlarda, 2022-ci ilin noyabrına qədər yaşadığım evin yaxınlığında olan “Al market”dəki ödəmə aparatından hissə-hissə Rəşadın adını dəqiq bilmədiyim kartına 3000 manat da ödədim”.
Qabilin ifadəsinə görə, 14 noyabr 2022-ci ildə oğlu Vəkilxana Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib: “Bu barədə Rəşada bildirdim. Rəşad narahat olmamağımı Apellyasiya məhkəməsində oğlumu buraxdıracağını bildirdi. Lakin həmin vaxtlarda Rəşadın özünün də Xəzər Rayon Polis İdarəsi tərəfindən həbs olunduğunu bildim. Rəşad tərəfindən aldadıldığımı başa düşdüm. Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayət etdim”.
Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşadın barəsində 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən fərdi evini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Demokrat.az