“Ankarada Sheraton Otel”də Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbərliyi ilə keçirilən xeyriyyə tədbirindən əldə olunan gəlirlə fələstinli tələbələrə də dəstək veriləcək”.
Asayis.az xəbər verir ki, bunu “Report”un Ankara Bürosuna Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbəri Şebnem Akçapar deyib.
Təşkilat rəhbərinin sözlərinə görə, ənənəvi xeyriyyə bazarı (kermes) beynəlxalq tədbir olmaqla müxtəlif mədəniyyətləri bir araya gətirsə də, ən çox təhsilə dəstək verir: “1970-ci illərdən başlayaraq ASALA terror təşkilatı xaricdə fəaliyyət göstərən diplomatlarımızı hədəf alaraq onları terrora məruz qoyub. Bu dərnək də Türkiyənin xaricdəki nümayəndəliklərində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan diplomatlarımıza ehtiram olaraq yaradılıb. Şəhid diplomatlarımızın ailələrinə dəstəklə yanaşı, digər nazirlik işçilərinin həyat yoldaşlarının, övladlarının çətin anlarında yanında olmaq məqsədilə qurulub. Ona görə hər il xeyriyyə bazarından əldə olunan gəlir ən çox təhsilə yönləndilirilir. Bu dəfə də üstünlük müharibə qurbanı olan qəzzalı 2 tələbəyə verilməklə bərabər, təhsilə və xeyriyyə tədbirlərinə istiqamətləndiriləcək”.
Qeyd edək ki, bu gün Ankarada DMEDD-in rəhbərliyi ilə beynəlxalq tədbir keçirilib. Beynəlxalq xeyriyyə bazarında Ankarada fəaliyyət göstərən 40-dan çox ölkənin diplomatik nümayəndələri, onların həyat yoldaşları iştirak edib, o cümlədən mətbuat nümayəndələri, paytaxt sakinləri qatılıblar. Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə iki stenddə ölkəmizə məxsus məhsullar nümayiş etdirilib. Səfir Rəşad Məmmədovun xanımı Günel Məmmədovanın rəhbərliyi ilə təşkil olunan stendlərdən birində Azərbaycanın çeşidli milli yeməkləri, digərində ölkəmizə məxsus müxtəlif konservləşdirilmiş məhsullar, şərab növləri, kiçik xalça nümunələri və digər suvenirlər nümayiş olunub. Tədbirdə ən çox üstünlük Azərbaycan plovuna verilib.