Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Xumar ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı Tahirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisəni törədən Xumarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xumar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəhmətlik valideyinlərindən miras qalmış evdə o, oğlu Cəmil və qardaşı Fərid ailəsi ilə birlikdə yaşayır:
“Fərid 1-ci qrup gözdən əlildir. Onun həyat yoldaşı Tahirə isə qardaşlarım ilə mənim arama girərək heç bir səbəb olmadan evdə tez-tez mübahisə yaradıb. Sonuncu dəfə hadisə baş verən günü, saat 22.30-da birgə yaşadığımıız evdə olarkən Tahirənin yeni kirayəyə çıxdığı üçün evdən anama məxsus qabları da apardığı gördüm. Ona iradımı bildirdim. Tahirə isə əksinə olaraq yaxşı etdiyini bildirdi. Nəticədə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşdim və Tahirənin saçını yoldum. Bu zaman biz yaxalaşdıq. Qarşılıq olaraq Tahirədə mənə əl-qol atdı”.
İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, qaynı Sərdar və baldızı Xumar ilə eyni evdə yaşayır: “Qaynım və baldızım təxminən 2-3 aydır ki, bizdən evdən çıxmağı tələb edir. Bu səbəbdən aramızda tez-tez mübahisə olur. Sonuncu dəfə hadisə günü, saat 22.30-da yaşadığım evdə olan zaman aramızda yenidən mübahisə baş verdi. Mübahisə zamanı Xumar evdən anasına məxsus əşyaları götürməyimi irad bildirdiyi üçün aramızda mübahisə yarandı. Xumar mübahisə zamanı saçımı yoldu, sifətimə əlləri ilə vurdu”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Xumarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az