Son günlər ölkədə bir neçə uşaq qızılcadan vəfat etdi. TƏBİB-in məlumatına görə həmin uşaqlar qızılcaya qarşı peyvənd olunmayanlar idi. Bu virusa qarşı vaksinasiya Azərbaycanda könüllüdür. Qızılca xəstəliyinə qarşı peyvəndləmə də bəzi digər peyvəndlər kimi məcburi tətbiq oluna bilərmi?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev insan sağlamlığı ilə bağlı məsələlərdə hər hansı məcburiyyətin tərəfdarı deyil.
Asayis.Az xəbər verir ki, o, açıqlamasında deyib ki, maarifləndirmə işləri gücləndirilməlidir:
“Belə olan halda hər kəs nə vaxt hansı müayinələrin edilməli olduğu, hansı peyvəndin nə vaxt vurulmalı olduğu barədə məlumatlı olar. Valideynlər uşaq doğulan gündən peyvəndləmə işinə ciddi yanaşmalıdırlar. Xəstəlik başlayan kimi vaxtında ciddi müalicə edilməlidir, xəstəni stasionara yerləşdirmək, müşahidə aparmaq lazımdır. Xəstəlik bir günün içində ölümə səbəb olmur. Qızılcaya yoluxmuş uşağın demək ki, 1 həftə-10 gün qızdırması olub, digər əlamətlər də görülüb. Görünür ki, valideynlər də səhlənkarlığa yol verib.
Hesab edirəm ki, maarifləndirmə işini gücləndirmək lazımdır. Qızılca yox, digər bir infeksion xəstəlik də ortaya çıxa bilər. Bu gün virus infeksiyaları modifikasiyaya uğrayır, yeni xəstəliklər yaranır. Bütün xəstəliklərə görə məcburi şəkildə vaksinasiyanın tətbiq olunmasının tərəfdarı deyiləm. Bu, insanın öz seçimi, hüququdur. Amma uşaqlar özləri qərar vermək iqtidarında deyillər, ona görə də valideynlər məsuliyyətli olmalıdırlar. Sahə həkimləri əhali ilə daim iş aparmalıdırlar”.
Demokrat.az