Son günlər şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı iddialar səsləndilir.
Ölkə.Az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və sonununcu dəfə, 2020-ci ilin avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirilməsi ilə bağlı qərar qəbul edilib: "Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq onun aşağı salınması məqsədəuyğun deyil".
Millət vəkili deyir ki, vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür: "Bu baxımdan, o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar".
"Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dollar gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları hər zaman mümkündür", - deyə V. Bayramov əlavə edib.