Xəstəxanalarda “donan” sistem - Həkim qəbuluna düşmək niyə problemə çevrilib?

 Xəstəxanalarda “donan” sistem - Həkim qəbuluna düşmək niyə problemə çevrilib?

2021-ci ildən bütün ölkədə tətbiq edilən icbari tibbi sığortadan xeyli sayda vətəndaş yararlanıb. Bu xidmət vətəndaşlara maliyyə baxımından üstünlüklər yaratsa da, bu sahədə problemlər qalmaqdadır.

Xəstəxanalarda yaşanan əsas problem növbə ilə bağlıdır. Onlayn növbə sistemi olmadığı üçün xəstəxanaların özündə növbəyə yazılmaq lazımdır. Dərdini götürüb getdiyin xəstəxanada həkim müayinəsinə qədər xeyli vaxt itirirsən.

Öncə həkimin qəbuluna düşmək üçün qəbz növbəsində, daha sonra həkim otağının, verəcəyin analizlər üçün laboratoriyaların qarşısında gözləməli olursan. Bəzən bu proseslərin ləngidiyi üçün nahar fasiləsinə düşməsi, həkimin ezamiyyətdə olması, bəzi xidmətlərin müəyyən saat çərçivəsində göstərilməsi xəstəni növbəti gün də tibb müəssisəsinə gəlməyə vadar edir.

Tələb çox olduğu üçün bunlar başadüşüləndir. Bəzi xəstəxanalarda isə qəbzi təqdim edən sistem saatlarla işləmir. Bununla bağlı xeyli sayda şikayət var.

Vətəndaşlar xəstəxanalarda tez-tez “sistem donub” ifadəsi ilə rastlaşdıqlarını, bunun da növbənin uzanmasına gətirib çıxardığını yazırlar. Şikayətlərdən biri paytaxtdakı 13 saylı uşaq poliklinikasındandır. İşdən icazə alaraq övladını həkimə gətirən valideyn bu problemdən dolayı iki saat xəstəxanada gözlədiklərini sosial şəbəkədə yazıb.

Digər vətəndaşların da buna oxşar şikayətləri var və bu problem rayon xəstəxanalarında çoxluq təşkil edir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür problem digər dövlət qurumlarında aparılan təkmilləşmə işlərindən qaynaqlanır:

“Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında və keyfiyyətli tibbi xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır.

Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı üçün qısa bir müddət xəstəxana məlumatlarının idarəetmə sistemində problemlər qeydə alınıb. Hazırda təkmilləşmə və inteqrasiya işləri tam yekunlaşıb və hər hansı problem mövcud deyil”.

16:30 - 3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin