"Bəzi mətbuat orqanlarinda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) digər quruma bir milyon manatdan artıq borcu olması haqqında məlumat yayılıb. Buna cavab olaraq bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur".
ABC.AZ xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bu gün media nümayəndələri ilə keçirilən görüşündə səsləndirilən fikirlərə cavab olaraq Komitədən deyiblər.
Bildirilib ki, məcburi köçkünlər kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər:
"Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanına əsasən, dövlət büdcəsindən vahid aylıq müavinət verilir. Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri həyata keçirilir".