Cəlilabad rayonunda 1971-ci il təvəllüdlü Mübariz iş yoldaşı Elmiraya qarşı cinayət törədib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 17-də Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzinin inzibati binasında baş verib.
Mübariz həmin gün saat 09 radələrində inzibati binanın birinci mərtəbəsinin dəhlizində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, mərkəzin operatoru vəzifəsində işləyən Elmiranı nalayiq söyüşlərlə söyüb.
Daha sonra Elmiranın sifətinə və başına qəsdən yumruqla vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Cəlilabad şəhərində yaşayır və Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində dizinfektor-təlimatçı işləyib: “Mənim işim anbardan dərmanları qəbul edərək dizinfeksiya edənlərlə birlikdə lazımı yerlərə gedib, həmin yerləri dizinfeksiya etməkdir. Mən dizinfektor-təlimatçı işləməyimə baxmayaraq direktor İlham Əliyevin şifahi göstərişinə əsasən işçilər işə gələrkən, işdən çıxaraq gedərkən onların tabel kitabına imza atmalarına nəzarət etməkdir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Elmira Gigiyena və Epidemiologiya mərkəzində operator işləyir və bir iş yoldaşı kimi həmişə münasibətləri yaxşı olub: “İnzibati binanın girişində dəhlizdə stol qoyularaq tabel kitabı da həmin stolun üstünə olur. İşçilər də kitaba orda imza edirlər. Fevralın 17-də, saat 09-da tabel kitabının yanında dayanarkən Elmira işə gələrək tabel kitabına imza edərkən mənə kitabda niyə görə əvvəlki gün onun adının qarşısından imza yerinə sual işarəsi qoyulduğunu və həmin gün işdə olduğunu dedi. Mən də Elmiraya həmin gün günorta İlham həkimin onu xəbər aldığını və gedib otağına baxaraq otağının bağlı olduğunu gördüyümü, İlham həkimə otağının bağlı olduğunu bildirdiyini dedim. Bu sözümdən sonra yenə də Elmira mənə həmin gün işdə olduğunu və niyə görə adının qarşısından sual işarəsi qoyduğunu xəbər aldı. Yenə də Elmiraya adının qarşısından sual işarəsini mən qoymadığımı, yəqin ki, İlham həkim qoyduğunu dedim”.
Mübarizin ifadəsinə görə, daha sonra Elmira onun adının qarşısından sual işarəsi qoyanın ünvanına nalayiq ifadələr işlədib: “Mən də Elmiraya nə sözü varsa gedib İlham həkimin özünə deməsini dedim. Bundan sonra isə Elmira mənə “oğraş” deyərək sifətimdən bir dəfə şillə vurdu. Elmira sifətimə sillə ilə vurandan sonra mən də əllərim ilə onu itələyərək özümdən uzaqlaşdırdım. Həmin vaxt Elmiranı vurmamışam, ona hər hansı xəsarət yetirməmişəm. Bundan sonra isə Elmira dəhlizdən çıxıb küçəyə getdi. Sonradan Elmiranın barəmdə şikayət ərizəsi ilə Polis Şöbəsinə müraciət etdiyini bildim. Hazırda baş vermiş hadisəyə görə peşmanam. Özüm 2-ci qrup əliləm və müharibə veteranıyam. Himayəmdə azyaşlı uşağım var və ailədə yeganə qazanc gətirən şəxsəm. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.
İş üzrə zərərçəkmiş Elmiranın sözlərinə görə, Cəlilabad şəhərində yaşayır və təxminən 10 ildir Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində operator vəzifəsində işləyir: “Fevralın 17-də, saat 09.00-da işə gəldim. İnzibati binanın giriş qapısından içəridə dəhlizdə stolun üzərində olan tabel kitabına imza etmək istəyərkən Mübariz də kitab olan stolun yanında olub. Kitabı açıb imza atmaq istəyərkən fevralın 16-da adımın qarşısında “işdə yoxdur” yazıldığını gördüm. Lakin kitabda elə yazılsa da, fevralın 16-da bütün iş saatında işdə olmuşam. Həmin tarixdə Mübariz kitabı dolaba qoyaraq dolabın qapısını qıfılladığı üçün işdən gedərkən kitaba imza edə bilməmişəm. Sonra Mübarizə fevralın 16-da işdə olduğumu, iş vaxtı qurtardıqdan sonra evə gedərkən kitabın stolun üstündə olmadığını və bu səbəbdən imza edə bilmədiyimi dedim. Niyə görə adımın qarşısından işdə olmadığımı yazdığını xəbər aldım. Bu sözümdən sonra Mübariz cavab verərək onluq olmadığını, mərkəzin direktoru İlham Əliyev kitaba adımın qarşısına fevralın 16-da işdə olmadığımı yazdığını, nə sözüm varsa gedib İlham həkimə deməyimi dedim. Mən də Mübarizə ola bilməz ki, İlham həkim adımın qarşısından işdə olmamağım barədə qeyd apardığını dedim. Elə bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Mübariz ünvanıma nalayiq ifadələr işlətdi. Mən də Mübarizə barəmdə işlətdiyi nalayiq ifadələrin öz ailəsinə getməsini dedim. Bu sözü deyən kimi Mübariz əlində olan açar topasını yumruğunun içində sıxaraq ağız nahiyəmdən vurdu. Açar ağız nahiyəmə dəydi. Mübarizin yumruğunun zərbəsi nəticəsində yuxarı dodağım partlayaraq qan axmağa başladı”.
Zərərçəkmiş deyib ki, daha sonra Mübariz onun başından və sifət nahiyəsindən də yumruq zərbələri vurub: “Mübarizin hərəkətlərini işçilərdən Fərid, Mircavad, Elçin, Ramin və Yeganə görüb. Onlar məni Mübarizin əlindən aldılar. Bundan sonra üz-gözüm qan içində küçəyə çıxaraq xəstəxanaya getmək istədim. Küçəyə çıxandan sonra küçədə operator Üzeyir və sürücü İbadətin avtomobildən düşərək gəldiklərini gördüm. Onlar üz-gözüm qan içində olduğunu görərək mənim kimin döydüyünü xəbər aldılar. Mübarizin məni döydüyünü dedim. Sonra isə Üzeyir məni avtomobili ilə xəstəxanaya apararkən yolda Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Mübariz tərəfindən döyülərək xəsarət almam barədə məlumat verdim. Daha sonra isə qayıdaraq rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Bundan sonra polis şöbəsinə gəldim. Hazırda təqsirləndirilən şəxsdən şikayətçiyəm”.
Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşadığı mənzili tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.
Demokrat.az