Azərbaycan vətəndaşlarının internet üzərindən xarici sifarişləri üçün müəyyən edilən güzəşt limitinin endiriləcəyi deyilir.
“Ölkə.Az”ın məlumatına görə, bu barədə müxtəlif iddialar səsləndirilir.
İddialardan biri də yanvarın 1-dən karqo şirkətləri və “Azerpoçt” daşıma servisi ilə xaricdən edilən rüsumsuz sifariş limitinin 300 dollardan 150 dollara endiriləcəyidir. Belə ki, vətəndaşların xarici sifarişlərinin məbləği 1 ay ərzində 150 dolları ötərsə, həmin hissə üçün rüsum ödəməli olacaqlar.
“Ölkə.Az” məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən münasibət öyrənib. Komitədən bildirilib ki, hazırda hər hansı bir dəyişiklik yoxdur.
“Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur”, - deyə açıqlamada qeyd olunur.