Quba Rayon İcra Hakimiyyəti Quba rayonu Zərdabi qəsəbəsi Bayram Şıxəmirov adına 850 şagird yerlik tam orta məktəb binasının tikintisinə icazə verib.
Asayis.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, Quba Rayon İcra Hakimiyyəti orta məktəb binasının tikintisinə 18 sentyabr 2023-cü il tarixli 04 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 10 avqust 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-2576/2023 saylı, həmçinin 24 fevral 2020-ci il tarixində tikinti layihəsinə dair 28966 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən orta məktəb binasının tikinti sahəsi 3 min 543 kv. metr, ümumi sahəsi 8 min 784,59 kv. metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi) olacaq.
Məlumat üçün bildirək ki, 24 fevral 2020-ci il tarixində tikinti layihəsinə dair ekspertiza rəyinin verildiyi orta məktb binasının söküntüsü 2019-cu ildə həyata keçirilib. 2019-cu ili sentyabr ayında mətbuatda yayılan məlumatlardan belə görünür ki, məktəbdə söküntü işləri həyata keçirilir.
Tikinti layihəsinə dair ekspertiza rəyinin verildiyi tarixdən 4 gün əvvəl – 20 fevral 2020-ci il tarixində isə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda göstərilir ki, məktəbin tikintisinə başlanılıb.
Elm və Təhsil Nazirliyinin 11 oktyabr 2021-ci il tarixində yaydığı məlumatda isə qeyd olunur ki, Quba rayonu Zərdabi qəsəbəsində 850 şagird yerlik məktəb binası istifadəyə verilib.