Azərbaycanda 16 yaşına çatmayan qızı ərə verdilər - Uşaq dünyaya gətirdi

 Azərbaycanda 16 yaşına çatmayan qızı ərə verdilər - Uşaq dünyaya gətirdi

Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib – red.) ilə seksual xarakterli hərəkətlər edib. 

Asayis.Az-ın məlumatına görə, Kənan 22 sentyabr 2021-ci ildən 13 fevral 2022-ci ildək olan müddət ərzində 16 yaşına çatmayan Ləman ilə evlənmək niyyəti ilə yaşadığı Sabirabad rayonunun  kəndlərindən birində yaşadığı evdə cinsi əlaqəyə girib. 

Kənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Ləmanı tanıyır: 

“Ləman mənim bibim nəvəsi olmaqla hazırda həyat yoldaşımdır. 2021-ci ilin yanvar ayından etibarən Ləman ilə sevgi münasibətində olmuşuq. Nəticədə həmin ilin yanvarın 12-də Ləman ilə nişan mərasimimiz oldu”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ləman ilə 2021-ci ilin sentyabrın 22-də ailə həyatı qurub: 

“Həmin tarixdə Şirvan şəhərində yerləşən “Tural” şadlıq sarayında bizim toy məclislərimiz oldu. Ləman 2006-cı il təvəllüdlü olmaqla 15 yaşının olduğunu mənə özü dedi. Ləman ilə ailə həyatı qurduqdan sonra Sabirabad rayonunun kəndində yerləşən evdə yaşamağa başladıq. Ləman ilə 22 sentyabr 2021-ci il tarixdən bu günə qədər faktiki olaraq ər-arvad münasibətində yaşamışam və ər-arvad kimi mütəmadi cinsi əlaqədə olmuşuq”. 

Təqsirləndirilən şəxs deyib ki, bu münasibət nəticəsində 16 yaşına çatmayan Ləman 12 avqust 2022-ci ildə hamilə olduğu üçün onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparıblar: 

“Avqustun 13-də Ləman qız uşağı dünyaya gətirdi. Mən ata oldum”.

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Kənanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin edilib. 
 

Demokrat.az

11:00 - 1 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin