Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
APA xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 21-nə təyin edilib.
Qeyd edək ki, bu il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.
Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib.