"Hər stolun da öz qiyməti var" - Azərbaycanda YAS BİZNESİ

Bərdənin Yeni Daşkənd kəndində yas mərasimində faciə baş verib. Evdə döşəmə çöküb. TƏBİBB-in məlumatına görə xəsarət alan 27  nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər yolda vəfat edib. Hadisə barədə yayılan xəbərlərdən  sonra sosial şəbəkələrdə yenə də yas mərasimlərinin keçirilməsinin lazımsız olduğu barədə müzakirələr gedir. 

Asayis.Az-ın məlumatına görə, ilahiyyatçı Tural İrfan da açıqlamasında mövzuya münasibət bildirib. O deyib ki, ölkəmizdə təəssüf ki, insanlar yas mərasimlərinə dinin tələbi olduğu üçün və ya ölü sahibinə dəstək olmaq üçün deyil, daha çox adətdən geri qalmamaq üçün gedirlər:

“İnsanlar bir-birini qınadıqlarına görə məcbur olurlar ki, uzaqdan da olsa, gəlsinlər. Etiraf etməliyik ki, adətlərimizin içində dinimizə,mentalitetimizə, müasir dövrə uyğun olmayan adətlər var. İnsanlar yas mərasimlərində bir-birilərindən nahaq yerə inciyirlər. Hətta eşitdiyim bir hadisəni misal çəkə bilərəm. Bir nəfər tanışının yas yerinə gedə bilməyib, ev sahibi də yasdan sonra ona yemək göndərib ki, mən onun atasının yasına getmişəm, filan qədər də pul yazılmışam, yeməyi yesin, pulumu qaytarsın”. 

T.İrfan bildirib ki, İslam dinində yas mərasimləri – üç, yeddi, cümə axşamları yoxdur, bu artıq çoxuna bəllidir:



“Bunlar sonradan ortayan atılan istismarçı ruhani təbəqənin formalaşdırdığı ənənələrdir. Elə təəssürat yaradıblar ki, guya ölü dəfn etməyi, Quran oxumağı hər adam həyata keçirə bilməz, molla olmalıdır mütləq. Amma belə deyil. Quranı azərbaycanca oxumaq olmaz, ancaq ərəbcə oxunmalıdır, namazı mütləq molla qıldırmalıdır- belə şeylər yoxdur. 

Yas mərasimləri ictimai məsələdir. Din xadimləri doğru təbliğat aparmalıdır. Qafqaz Müsəlmanları İdarəsinə tabe olanda din xadimləri əksinə bu ənənələri yayırdılar. Məclislərdə dini söhbətlər adı altında yanlış ideologiyanı təbliğ edirdilər, ona görə də yas mərasimlərinin keçirilməsi onlara sərf edirdi. İndi bunun qarşısı müəyyən qədər alınsa da imamların, Peyğəmbərin mövlud və matəm günlərini təqvimə salıb, bu ad altında toplaşırlar. Din xadimləri artıq Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası tərəfindən təyin olunur. Həmin şəxslər cəmiyyətdə maarifləndirmə işlərini artırmalıdırlar”. 
İlahiyyatçı qeyd edib ki, yas mərasimləri konkret qaydalar çərçivəsində təşkil olunmalıdır:

“İsti, soyuq havalarda kütləvi şəkildə insanların, uzaqdan gələnlərin bir evdə yasa yığışmasının bir mənası yoxdur. Toplaşan insanlar öz aralarında hər mövzuda danışırlar, dindən, Allahdan danışan yoxdur, mollaya qulas asan, Quranı eşidən yoxdur, öz problemləri ilə məşğuldurlar. Sonra da bir qarın yemək yeyib, üstündən də siqaret çəkib, gedirlər. Bunun dinə heç bir aidiyyəti yoxdur. Ehsan pulsuz verilməlidir, niyə gəlib dəftərə yazılırlar?! Ölən qalır bir kənara, ev yiyəsi bazara getməli olur. Yas evinə maddi-mənəvi dəstək üçün gedilməlidir. Şəhərdən rayona, rayondan şəhərə pul salmaq əvəzinə, bunu onlayn şəkildə də etmək olar ki, ev sahibinə kömək olsun, daha o, borca düşməsin. Ölü üçün ağlaşma qururlar, onun ruhunu əksinə narahat edirlər, dini cəhətdən bu, düzgün deyil. 

Bu işdə monopoliya da var. Bəzi rayonlarda, elə Bakının özündə bəzi imkanlı şəxslər mərasim evi deyilən şadlıq sarayları kimi obyektlər tikdirirlər.  Hər stolun da öz qiyməti var. Bu məsələ var deyə ola bilsin ki, problemin üzərinə çox gedilmir. Əslində isə bunun həlli düşünüldüyü qədər çətin deyil”. 
 

Demokrat.az

10:00 - 25 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin