Noyabr alış-veriş həvəskarlarının sevimli ayıdır. Xüsusən də noyabrın son həftəsindən başlayaraq əksər mağazalarda “qara cümə” endirimlərinə start verilməsi “shopping” həvəskarlarını daha da cəlb edir.
Maraqlıdır, ölkədə “qara cümə” endirimləri nə dərəcədə realdır?
Asayis.Az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, “qara cümə”nin iki mənası var:
“Əlbəttə, bunun biznes mənası mağazadan içəri daha çox istehlakçı salmaqdır. Bu, böyük biznes layihədir, bir çox belə biznes layihələr var – 8 Mart, Sevgililər Günü, Yeni İl və s. endirimləri. “Qara cümə”nin tarixi haqqında çox şey söylənilir, amma günümüzdə görürük ki, bunun mahiyyəti bacardıqca daha çox alıcı cəlb etməkdir. Bir çox ölkələrdə, eləcə də Azərbaycanda “qara cümə”dən bir-iki ay öncə malların qiyməti qaldırılır, daha sonra endirilir, guya, endirim edirlər. Birmənalı şəkildə biznes qurumlar bundan pul qazanır. Əslində isə “qara cümə” kampaniyası xarab, satışdan çıxarılan, istehsalı dayandırılan malların satışı prosesidir. Ən ciddi məsələlərdən biri də mürəkkəb texniki cihazların, məişət cihazlarının, mobil telefonların endirim adı ilə satılmasıdır, istehlakçı baxanda asanlıqla bilə bilməz ki, bu malın qüsuru var, tez xarab olacaq”.
Ekspert qeyd edib ki, Qərb və Amerika “qara cümə” ilə həm də müsəlmanların müqəddəs cümə gününü qaralamaq məqsədi güdür. Bu məsələ təəssüf ki, çox az işıqlandırılır:
“İstehlakçılar bu zaman mal alarkən çox diqqətli olmalıdırlar, kassa çekini saxlamalıdırlar, mürəkkəb texniki cihazlar alan zaman mağazada ikən bütün düymələri yoxlamalıdırlar. “Qara cümə”dən sonra AİB-ə gələn şikayətlər arasında ən çox qarşılaşılan problem odur ki, alıcı xarab məhsulu qaytarmaq istəyəndə deyirlər ki, “qara cümə”də alındığına görə geri qaytarmaq və ya dəyişmək mümkün deyil. Bu, qanuna ziddir. Bu günlərdə alınan mallar da dəyişdirilə, qaytarıla bilər”.
Demokrat.az